Menyu

Yetkinlərdə DEHB necə özünü göstərir?

Ayşən Sadıxzadə
Yetkinlərdə DEHB necə özünü göstərir?
3 dəq oxu

Diqqət əskikliyi və hiperaktivlik pozuntusu uşaqlarda daha aydın müşahidə olunsa da, yetkin yaşlarda bu əlamətləri aşkar etmək nisbətən çətinləşir. Çünki insan böyüdükcə özünü idarə etməyi, müəyyən davranışlarını nəzarətdə saxlamağı və bəzi simptomlarını gizlətməyi öyrənir. Buna görə də yetkin insanlarda bu vəziyyəti kənardan müşahidə etmək, hətta bəzən insanın özündə aşkar etməsi uzun illər çəkə bilər.

Bu sözləri Operativ Media-ya psixoloq Fidan Nizamova deyib. 

O bildirib ki, diqqət əskikliyi və hiperaktivlik ilk növbədə, fikrin tez dağılması və unutqanlıq müşahidə olunur. İnsan bəzən o qədər də vacib olmayan gündəlik işləri, rutinlərini belə unuda bilər. Diqqətini toplamaqda, fikrini cəmləməkdə və hər hansı bir işə fokuslanmaqda çətinlik çəkir:

“Belə insanlar ətrafdakılar tərəfindən bəzən səbirsiz kimi qəbul edilirlər. Sanki daim harasa tələsirlər, bir yerdə dayana bilmirlər. Halbuki bu davranışların arxasında beynin həddindən artıq aktivliyi dayana bilər. Belə ki, beyin sürətli düşünür, fikirlər bir mövzudan digərinə tez keçir və insan eyni anda çoxsaylı məsələlər haqqında düşünməyə başlayır. Nəticədə bir işin üzərində uzun müddət dayanmaq çətinləşir.

Məsələn, insan qəfil hansısa işi görmək qərarına gəlir və dərhal həmin işə başlayır. Bir müddət sonra başqa bir fikir yaranır və əvvəlki işi tamamlamadan digərinə keçir. Kənardan baxdıqda bu, daim tələsən, başladığı işi yarımçıq qoyan insan təsiri bağışlayır. Burada impulsivlik də mühüm rol oynayır. Belə insanlar bəzən kifayət qədər düşünmədən qərar verir, sonra isə həmin qərarlarını dəyişə bilirlər.

Bu səbəbdən ətrafdakılar onları bəzən məsuliyyətsiz, qərarsız və ya başladığı işin üzərində dayana bilməyən insanlar kimi qiymətləndirirlər. Hətta bəzi hallarda davranışları yanlış anlaşılır və onlara müxtəlif xarakter xüsusiyyətləri aid edilir. Halbuki bunların bir qismi diqqət əskikliyi və hiperaktivlik pozuntusunun əlamətləri ola bilər. Biz bəzən belə davranışları xarakter, tərbiyə və ya həyat tərzi ilə əlaqələndiririk, lakin onların arxasında neyroinkişafla bağlı xüsusiyyətlərin dayana biləcəyini də nəzərə almalıyıq.

Digər tərəfdən, bu vəziyyətdən əziyyət çəkən insanların özləri də gündəlik həyatda ciddi çətinliklərlə qarşılaşırlar. Bəziləri yaşadıqları problemlərin səbəbini anlayaraq özlərində bu xüsusiyyətləri aşkar edə bilir, digərləri isə uzun müddət bunun fərqində olmurlar. İstənilən halda, diqqətin dağılması, impulsivlik, davamlı fikir dəyişiklikləri və gündəlik fəaliyyətlərdəki çətinliklər insanı həm fiziki, həm də emosional baxımdan yorur.

Hiperaktivlik dedikdə yalnız fiziki hərəkətlilik nəzərdə tutulmamalıdır. Yetkin insanlarda bu, daha çox beynin davamlı aktivliyi, eyni anda çoxsaylı fikirlərin yaranması və düşüncələrin sürətlə bir mövzudan digərinə keçməsi şəklində özünü göstərə bilər. Məsələn, bir insan müəyyən anda yalnız bir məsələ haqqında düşünə bildiyi halda, bu xüsusiyyətləri daşıyan şəxslərin beynində eyni vaxtda bir neçə fikir və plan dolaşa bilər. Fikirlərin bir-birini əvəz etməsi, diqqətin tez yayınması və bir işdən digərinə keçmək insan üçün ciddi yorğunluq yaradır.

Belə insanlar öz davranışlarından da narahatlıq keçirirlər. Başladıqları işi tamamlaya bilməmək, diqqətsizlik və maraq göstərdikləri bir məsələyə belə uzun müddət fokuslana bilməmək onları yorur. Unutqanlıq da gündəlik həyatlarında tez-tez rast gəlinən problemlərdəndir. Məsələn, evdən çıxarkən açarlarını unuda, açarın dalınca geri qayıdarkən bu dəfə üst geyimini götürməyi yaddan çıxara bilərlər. Bu cür təkrarlanan unutqanlıqlar, geri qayıtmalar və gündəlik işlərdə yaranan qarışıqlıq insanın özündən yorulmasına səbəb olur.

Bununla yanaşı, emosional həssaslıq da müşahidə edilə bilər. Belə insanlar tənqidə qarşı daha kəskin emosional reaksiyalar verə, deyilən sözlərdən asanlıqla inciyə və özlərini daim günahkar hiss edə bilərlər. Bu baxımdan diqqət əskikliyi və hiperaktivlik yalnız diqqət və davranışlarla bağlı məsələ deyil, insanın emosional vəziyyətinə və sosial münasibətlərinə də təsir göstərə bilər.

Ətrafımızda bu cür xüsusiyyətlərə malik insanlar varsa və ya özümüzdə oxşar əlamətlər müşahidə ediriksə, ilk növbədə bunu yalnız xarakter və ya məsuliyyətsizlik kimi qiymətləndirməməliyik. Bu vəziyyətə xəstəlikdən daha çox neyroinkişaf fərqliliyi kontekstində yanaşmaq lazımdır. Çünki hər bir insanın beyni fərqli quruluşa malikdir və fərqli fəaliyyət xüsusiyyətləri göstərə bilər.

Bu vəziyyətin tənzimlənməsi üçün müxtəlif yanaşmalar mövcuddur. Bir sıra ölkələrdə dərman preparatlarından istifadə edilir və müvafiq müalicə üsulları tətbiq olunur. Bununla yanaşı, müəyyən məşqlər, davranış texnikaları və gündəlik həyatın düzgün təşkili də həmin insanların özlərini daha rahat hiss etmələrinə kömək edə bilər.

Əsas məqam odur ki, diqqət əskikliyi və hiperaktivliklə yaşamaq insanın bütün həyatı boyu çətinlik çəkməli olduğu anlamına gəlmir. Düzgün yanaşma, uyğun müalicə və öz xüsusiyyətlərini tanımaqla bu vəziyyəti idarə etmək, gündəlik həyatı daha rahat və səmərəli təşkil etmək mümkündür”.

Əlaqəli Xəbərlər