Azərbaycanda sənədsiz evlərdə (çıxarış – yəni mülkiyyət hüququnu təsdiq edən sənədi olmayan evlərdə) yaşayanların qeydiyyata düşməsi müəyyən çətinliklər yaratsa da, qanunvericilikdə bunun üçün alternativ yollar nəzərdə tutulub. Yaşayış yeri üzrə qeydiyyat üçün əsas sənəd daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən çıxarışdır. Lakin çıxarış olmadığı halda da qeydiyyat mümkündür.
Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Turan Abdullayev bildirib.
Onun sözlərinə görə, qeydiyyata düşmək üçün alternativ sənədlərdən istifadə oluna bilər. Bunlara evin tikintisinə icazə sənədi və ya yerli icra hakimiyyəti tərəfindən verilmiş digər rəsmi sənəd, habelə “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti”nin təqdim etdiyi texniki pasport (BTİ) daxildir. Əgər bunlar da yoxdursa, həmin ünvanda faktiki yaşayışı təsdiq edən bələdiyyə və ya icra nümayəndəliyinin arayışı təqdim oluna bilər.
“Daxili İşlər Nazirliyi (o cümlədən ASAN xidmət vasitəsilə) yaşayış yeri üzrə qeydiyyat üçün müraciət qəbul edərkən, əgər evin çıxarışı yoxdursa, bunun əvəzinə faktiki yaşayışı təsdiq edən arayış tələb edə bilər. Əgər qeydiyyat üçün icra orqanları sənədləri qəbul etməzsə, faktiki yaşayışın tanınması üçün məhkəməyə müraciət etmək mümkündür. Məhkəmə qərarı qüvvəyə mindikdə, həmin şəxsin qeydiyyata alınması təmin olunur”, – deyə vəkil qeyd edib.
Vəkil bildirib ki, qanunvericiliyə əsasən, vətəndaş yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti qalmaq istədikdə, həmin ünvana köçdüyü gündən etibarən 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir:
"Orqan isə vətəndaşı dərhal həmin ünvanda müvəqqəti qeydiyyata almalıdır.
Qanuna görə, şəxsin “olduğu yer” dedikdə onun daimi yaşayış yeri sayılmayan, müvəqqəti qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər ictimai yerlər, həmçinin yaşayış binaları (özünə, qohumuna və ya tanışına məxsus) nəzərdə tutulur.
Bu baxımdan, vətəndaş faktiki olaraq müəyyən ünvanda yaşadığını rəsmi arayışla təsdiqlədiyi halda, müvafiq dövlət orqanı mülkiyyət çıxarışı olmadığı üçün daimi qeydiyyat apara bilməsə də, ən azı həmin şəxsi müvəqqəti olaraq olduğu yer üzrə qeydiyyata almalıdır. Çünki vətəndaş ölkədə yaşayırsa, qeydiyyatsız “havada qalması” mümkün deyil – onun ya daimi, ya da müvəqqəti qeydiyyatı olmalıdır.
Bu, həm dövlət, həm də cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Çünki cinayət törədən şəxsin yaşayış və ya olduğu yerinin naməlum qalması ictimai təhlükəsizlik baxımından ciddi problemlərə səbəb ola bilər".
Ayşən Sadıxzadə