27 Sentyabr – Tarixi Zəfərə aparan yol - ŞƏRH

"27 sentyabr - Anım Günü Azərbaycan xalqının, bütövlükdə türk dünyasının qürur günüdür. Məhz həmin tarixdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpasının əsası qoyuldu".
Bu fikirləri Operativ Media-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.
Siyasi şərhçi bildirib ki, 2020-ci il sentyabrın 27-də səhər saatlarında Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandan, cənab İlham Əliyevin sərkərdəliyi ilə düşmənin bütün cəbhə xətti boyunca həyata keçirdiyi təxribatlara cavab olaraq, əks-hücuma keçdi: “Beləliklə, Azərbaycan Vətən Müharibəsinə başladı və 44 gün sonra Zəfər çaldı".
44 günlük savaşla Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanla yanaşı, Şuşanı, Hadrutu, Suqovuşanı, Xocavəndin bir çox kəndlərini məhz döyüşlə, xüsusi qəhrəmanlıqla azad etdi. Habelə, Laçının, Kəlbəcərin bir hissəsini də döyüşlə aldıq, digər hissəsini isə Ağdamla bərabər 10 noyabr Üçtərəfli Bəyanatına uyğun olaraq kapitulyant Ermənistan döyüşsüz təhvil verməyə məcbur oldu.
Xankəndi, Ağdərə, Xocalı, Xocavəndin bir hissəsində yaşayan ermənilər separatçı rejiminin boyunduruğundan çıxa bilmədi və Azərbaycan vətəndaşı kimi yaşamaq istəmədiklərini öz təxribatçı əməlləri ilə dəfələrlə sübut etdilər. Onların Azərbaycanın qanunlarına qarşı əməlləri dözülməz həddə çatdı və nəhayət 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri 1 günlük antiterror əməliyyatları ilə separatçı rejimi də məhv etdi, bütün suverenliyimiz tam bərpa oldu”.
Elşad Məmmədli sözlərinə belə davam edib: “Azərbaycan dövləti bununla həm də 30 ilə yaxın müddət ərzində BMT-nin icra olunmayan 4 qətnaməsini də təkbaşına icra etmiş oldu. Təbii ki, bu tarixi qələbəmiz və ondan doğan böyük uğurlar Cənab İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi xarici və daxili siyasətin, ordu quruculuğunun nəticəsidir. Məhz onun möhkəm siyasi iradəsi ilə müxtəlif dövrlərdə ortaya atılan təslimçi “sülh” layihələri anındaca iqnor edildi və sülhün yalnız Azərbaycanın hər qarış torpağı azad edildikdən sonra baş tutacağı bəyan edildi. Dinc yolla ermənilər və onun havadarları bunu etmədilər, nəhayətdə qüdrətli dövlətimiz suverenliyimizi, ərazi bütövlüyümüzü hərbi yolla təmin etdi.
Tarixi qələbəmiz təkcə bölgəmizdə deyil, bütün dünyada yeni tendensiyalar yaradıb və Azərbaycan hazırda dünyanın siyasi mənzərəsini müəyyən edən dövlətlərdən biri kimi çıxış edir.
Ötən beş il müddətində və son gedişatda yaranmış mənzərədən - postmüharibə dövründə formalaşmış reallıqlardan çıxış edərək, nəticələr haqda xeyli aydın təsəvvürlərlə danışmaq daha rahatdır və asandır.
İndi daha aydın görülür ki, Qarabağ Zəfərimiz niyə və nə qədər möhtəşəmdir, necə qürurvericidir və böyük bir tarixi Qələbədir. Bu, Azərbaycanın, bütövlükdə regionumuzun bugününü və sabahını, gələcək taleyini müəyyən edən, şərtləndirən hadisədir.
Bu zəfərlə sürətli, fərqli döyüş taktikaları ilə ordumuz dünyanın hərb tarixində yeni bir iz qoyub. Qərbin, Avropanın hərbi institutları, universitetləri də Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük İkinci Qarabağ müharibəsindəki taktikasını öyrənir. Məsələn, isveçli Henrik Niström (Nyström) (Swedish Defence University) master dissertasiyasını bu mövzuya həsr edib və 2022-ci ildə müdafiə edib.
Qarabağ Zəfərinin sərkərdəsi, diplomatik masalarda da daim uğurlar əldə etmiş Prezident İlham Əliyev suverenliyimizin tam bərpasından sonra müzakirəyə çıxarılan sülh müqaviləsində də diqtə edən tərəf oldu.
Bildiyimiz kimi, artıq bütün dünya Azərbaycanın yaratmış olduğu reallıqlarla hesablaşır. Nəticə olaraq məhz Azərbaycanın diqtə etdiyi varianda sülh müqaviləsi ötən ay ABŞ-də paraflanıb. Bu müqavilə ilə şərti olaraq “Tramp marşrutu” adlandırılan Zəngəzur yolu da açılacaq, Naxçıvanla quru yolla əlaqə də bərpa olacaq. Bu marşrut dünyanın iqtisadi həyatında xüsusi rol oyanacaq.
Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin usta siyasətinin nəticəsidir – Qələbəmiz də, sülh mqaviləsinin paraflanması da, bundan irəli gələn digər məsələlər də".
Ayşən Sadıxzadə
