"Qida təhlükəsizliyi ərzaqların keyfiyyəti, tərkibi və onların insan sağlamlığına zərərsizliyi ilə bağlıdır. Bu problem yalnız Azərbaycana aid deyil, bütün dünyada mövcuddur. Dünyanın heç bir ölkəsində qida təhlükəsizliyi tam təmin olunmayıb; müxtəlif səbəblərdən zəhərlənmələr qeydə alınır. Azərbaycanda da analoji hallara rast gəlinir və keyfiyyətsiz qidaların mövcudluğu inkarolunmaz faktdır".
Bu fikirləri Operativ Media-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, rəsmi statistika ilə real vəziyyət arasında uyğunsuzluqlar müşahidə edilir: “Məsələn, bəzi mənbələrdə qeyd edilən zəhərlənmə halları beynəlxalq göstəricilərdən xeyli aşağı göstərilir. Bu isə statistik uçotun qeyri-dəqiq aparıldığını göstərir. İnsanların müraciətləri, onların qeydiyyata düşüb-düşməməsi məsələləri açıq qalır".
Eyyub Hüseynovun sözlərinə görə, son illərdə Azərbaycanda enerji içkilərinin təhlükəsizliyi ilə bağlı standartlar qəbul edilmiş, onların tərkibindəki bəzi maddələrin miqdarı minimum həddə endirilmişdir: "Hazırda ölkəyə idxal edilən və yerli istehsal olunan enerji içkiləri həmin standartlara uyğun istehsal olunur.
Fast food məhsulları isə qlobal miqyasda ciddi problem olaraq qalır. Azərbaycanda xüsusilə dönərxanalar qida zəhərlənmələrinin potensial mənbəyi kimi qeyd olunur. Zəhərlənmələrə səbəb əsasən ət deyil, uzun müddət açıq havada saxlanılan souslar, xüsusilə mayonezdir. Mayonezin saxlanma müddəti 4 saatdan artıq olmamalıdır, lakin bəzi hallarda günlərlə istifadə olunur".
Ayşən Sadıxzadə