Azərbaycanda məktəblərin ətrafında “avtomobilsiz zona” yaradıla bilərmi?

Nərmin Qocamanova
Azərbaycanda məktəblərin ətrafında “avtomobilsiz zona” yaradıla bilərmi?

Hər gün məktəblərin giriş və çıxış saatlarında yaranan xaotik vəziyyət ciddi nəqliyyat problemlərinə səbəb olur. Məktəblərin ətrafında avtomobil sayı kəskin artır, bu isə tıxacların və sıxlığın yaranmasına gətirib çıxarır.

Bu vəziyyət məktəblilərin təhlükəsizliyini risk altına qoyur, piyadaların hərəkətini çətinləşdirir və ictimai nəqliyyatın fəaliyyətinə mənfi təsir göstərir.

Bu problemin həlli olaraq Azərbaycanda məktəblərin ətrafında “avtomobilsiz zona” yaradıla bilərmi?

Mövzu ilə bağlı bloger-urbanist Anar Əliyev Operativ Media-ya açıqlama verib.

Onun sözlərinə görə, belə zonaların yaradılması hazırda real görünmür: “Məsələn, şəhərin mərkəzi küçələrində yerləşən iri təhsil müəssisələrinin qarşısında tranzit nəqliyyat hərəkət edir və burada avtomobil hərəkətini tamamilə məhdudlaşdırmaq praktik baxımdan mümkün deyil”.

Anar Əliyev əsas problemin məktəblərin qarşısında yaranan sıxlıq və tıxac olduğunu vurğulayıb: “Bu vəziyyətin əsas səbəbi valideynlərin övladlarını avtomobillə məktəbə gətirməsidir. Problemin köklü həlli isə nəqliyyatın tam qadağan olunması ilə deyil, alternativ mobilliyin təmin olunması ilə mümkündür”.

O, problemi həll etmək üçün aşağıdakı tədbirləri tövsiyə edir:

  • İctimai nəqliyyatın keyfiyyətinin artırılması. Valideynlər və şagirdlər üçün əlçatan və rahat şərait yaradılmalıdır.

  • Piyada infrastrukturunun inkişaf etdirilməsi. Hal-hazırda bir çox küçələrdə səkilərin olmaması və ya pis vəziyyətdə olması valideynlərin uşaqları piyada məktəbə göndərməsindən çəkinməsinə səbəb olur.

  • Velosiped yollarının təhlükəsizliyinin təmin edilməsi. Bu, xüsusilə məktəbə yaxın məsafədə yaşayan uşaqlar üçün alternativ nəqliyyat vasitəsi ola bilər.

  • Keyfiyyətli təhsil verən məktəblərin sayının artırılması. Mövcud vəziyyətdə valideynlərin müəyyən sayda nüfuzlu məktəblərə üz tutması həmin ərazilərdə əlavə sıxlıq yaradır.

Ayşən Sadıxzadə

Digər xəbərlər