Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə start verilir.
Operativ Media-ya bu barədə Elm və Təhsil nazirliyindən məlumat verilib.
Layihənin məqsədi şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, eləcə də rəqəmsal savadlılığın artırılmasıdır.
Layihə çərçivəsində “Aztelekom”un mütəxəssisləri tərəfindən ölkənin müxtəlif bölgələrində yerləşən məktəblərdə şagird və müəllim heyəti üçün təlimlər keçiriləcək. Təlimlər zamanı iştirakçılara şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə davranış qaydaları, onlayn təhlükələrdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi barədə məlumatlar veriləcək.
Təlim zamanı iştirakçılarla real situasiyalar əsasında müzakirələr aparılacaq, praktik nümunələr üzərində işləniləcək.Maarifləndirici sessiyalar müasir tədris metodlarına uyğun olaraq interaktiv şəkildə təşkil olunacaq.