16 oktyabr 2025-ci il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri uğurla başa vuran müdavimlərin təltifolunma tədbiri keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Tədbirin məqsədi təlimləri uğurla başa vuran şəxslərə dövlət nümunəli sertifikatların təqdim edilməsidir. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Simnar Mamedov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsal İsmayılov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məşğulluq şöbəsinin müdiri Kamran Ağamalıyev iştirak ediblər.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 19 nəfərə (Logistika operatoru ixtisası üzrə 10 nəfər, Proqramla idarə olunan dəzgahların operatoru ixtisası üzrə 9 nəfər), “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində isə 102 nəfərə (Avtomobil diaqnostikası və təmiri ustası ixtisası üzrə 37 nəfərə, ORACLE database SQL ixtisası üzrə 15 nəfərə, Kibertəhlükəsizlik üzrə mütəxəssis ixtisası üzrə 30 nəfərə, UI/UX dizayner ixtisası üzrə 20 nəfərə), ümumilikdə 121 nəfərə dövlət nümunəli sertifikatlar təqdim olunub.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bu günədək 50 nəfər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, 210 nəfər isə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində təlimlərə cəlb edilib.
2024-cü il ərzində 215 nəfər, 2025-ci ildə 859 nəfər, ümumilikdə 1074 nəfər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində qısamüddətli təlimlərə cəlb olunub. Təlimlər 42 ixtisas üzrə 12 peşə təhsil müəssisəsində həyata keçirilmişdir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində isə 2025-ci ildə 1015 nəfər qısamüddətli təlimlərə cəlb edilib.