WUF13-ə hazırlıq: Turizm istiqamətində görülən işlər açıqlanıb
WUF13 tədbiri çərçivəsində yaradılmış mərkəzləşdirilmiş yerləşmə platformasında tədbir çərçivəsində gələcək qonaqların yerləşdirilməsi üçün 100 hotel yerləşdirilib. Hazırda bu hotellərdə ümumilikdə 4500-ə yaxın otaq mövcuddur.
Bu barədə Operativ Media-ya Dövlət Turizm Agentliyindən bildirilib.
Qeyd olunub ki, WUF13 tədbiri çərçivəsində Bakı və Abşeron üzrə yerləşmə vasitələrində xidmət keyfiyyətinin artırılması məqsədilə peşəkar təlimlər təşkil edilir:
"Bu çərçivədə əməkdaşlar və rəhbərlər üçün hotel əməliyyatlarının təkmilləşdirilməsi, xidmət mədəniyyəti və qonaq təcrübəsi, komandanın idarə olunması bacarıqları kimi 3 əsas modul üzrə təlim proqramları hazırlanıb.
Bununla yanaşı, yerləşmə vasitələrində və müstəqil fəaliyyət göstərən 200-dən çox iaşə obyektində milliləşdirilmiş menyuların zənginləşdirilməsi ilə bağlı görüşlər keçirilir. Xüsusilə milliləşdirilmiş vegan və vegetarian seçimlər, eləcə də milli səhər yeməyi seçimləri barəsində məlumat verilir.
Bakıya gələn qonaqların məlumatlandırılması və istiqamətləndirilməsi məqsədilə şəhərdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərinin fəaliyyəti gücləndirilir. Hazırda bu mərkəzlər Heydər Əliyev Beynəlxalq Hava Limanında, Nizami küçəsində və İçərişəhər ərazisində fəaliyyət göstərir. Bundan əlavə, İçərişəhərdə yeni bir turizm informasiya mərkəzi qurulub və fəaliyyətə başlayıb.
Forum iştirakçıları üçün Azərbaycan və ingilis dillərində 24 ədəd geniş və əhatəli tematik tur proqramlar hazırlanıb. Bu proqramlar Bakı, Şamaxı, Lənkəran, Şəki və Qarabağ ilə yanaşı ölkənin digər regionlarını və turistik baxımdan cəlbedici olan bir çox əraziləri əhatə edir.
Forum çərçivəsində Azərbaycan pavilyonu ərazisində ölkəmizin turizm imkanları təqdim olunacaq, müxtəlif turizm məhsulları barəsində təqdimatlar təşkil olunacaq, eyni zamanda milli mətbəxin və mədəni irsin tanıdılması istiqamətində fəaliyyətlər həyata keçiriləcəkdir".