Yaşayış massivlərində torpaq kateqoriyalarının kütləvi dəyişdirilməsi nəzərdə tutulur
Torpaq sahələrinin təyinatının dəyişdirilməsi proseduru sadələşdirilib və xidmət elektron formata keçirilib.
Operativ Media xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev APA İnformasiya Agentliyinə və “Xəzər” televiziya kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, 2024-cü il sentyabrın 28-də qəbul edilən 201 nömrəli Fərmana əsasən, torpaq kateqoriyasının dəyişdirilməsi üçün tələb olunan mərhələlərin və sənədlərin sayı azaldılıb. Təqdim olunan sənədlər müəyyən edilmiş tələblərə cavab verdiyi halda, onlar aidiyyəti dövlət qurumlarına elektron qaydada rəy üçün göndərilir.
Eynullayev qeyd edib ki, daxil olan müraciətlərin 70 faizindən çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış yaşayış massivlərindəki fərdi evlərin həyətyanı sahələri ilə bağlıdır. Bu səbəbdən həmin ərazilərdə torpaqların təyinatının ayrı-ayrılıqda deyil, massiv şəklində kütləvi dəyişdirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, yaşayış massivləri şəhərsalma və ərazi planlaşdırılması tələblərinə cavab verdiyi, mühəndis-kommunikasiya xətləri və yol-nəqliyyat infrastrukturu mövcud olduğu halda, müvafiq dövlət qurumlarının müsbət rəyləri əsasında torpaq kateqoriyası dəyişdirilə bilər. Bu isə həmin ərazilərdə yaşayan vətəndaşların mülkiyyət hüquqlarını əldə etməsini asanlaşdıracaq.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi bildirib ki, torpaqların qanunsuz zəbtinin və təyinatından kənar istifadəsinin qarşısının alınması üçün mütəmadi monitorinqlər və müşahidələr aparılır.
Aşkar edilən qanun pozuntuları aktlaşdırılır, inzibati xəta müəyyən olunduqda protokollar tərtib edilir və təqsirkar şəxslər cərimələnir. Həmin şəxslər həmçinin zəbt və ya qanunsuz tikintinin nəticələrini aradan qaldıraraq torpağı ilkin vəziyyətinə qaytarmalıdırlar.
Mətin Eynullayevin sözlərinə görə, ötən il təxminən 8 min torpaq pozuntusu aşkar edilib. Bu ilin ilk altı ayında isə 3 min 700-ə yaxın belə fakt qeydə alınıb və pozuntuların sayında azalma tendensiyası müşahidə olunur.
dəqiqələr içində saytın olsun.