Menyu

Azərbaycan və Çin prokurorluqları arasında Memorandum imzalanıb

Operativ Media
Azərbaycan və Çin prokurorluqları arasında Memorandum imzalanıb

Avqustun 31-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru cənab Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Əvvəlcə nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.

Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru cənab Yinq Yonq arasında iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında dövlət başçılarının siyasi iradəsinə və möhkəm etimada əsaslanan münasibətlərin bütün istiqamətlər üzrə dinamik inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin arasında formalaşmış yüksək səviyyəli etimad və siyasi iradə iki ölkə arasında dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün mühüm əsas təşkil edir.

Azərbaycan və Çin arasında münasibətlərin etimad, bərabərlik, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə qarşılıqlı fayda prinsipləri əsasında inkişaf etdiyi vurğulanıb. Çin Xalq Respublikasının müxtəlif beynəlxalq platformalarda Azərbaycan Respublikasının mövqeyinə və irəli sürdüyü təşəbbüslərə göstərdiyi ardıcıl dəstək yüksək qiymətləndirilib.

Qeyd olunub ki, dövlət başçılarının müntəzəm təmasları və siyasi iradəsi nəticəsində Azərbaycan-Çin münasibətləri son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ildə Çin Xalq Respublikasına iki dəfə səfər etməsi, müxtəlif səviyyələrdə səfər və görüşlərin intensivləşməsi, eləcə də 2025-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması ikitərəfli münasibətlərin yüksək səviyyəsinin və strateji xarakterinin mühüm göstəriciləri kimi xüsusi vurğulanıb.

Baş prokuror Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edərək iki ölkənin prokurorluq orqanları arasında etimada, hörmətə və faydalı təcrübə mübadiləsinə əsaslanan əməkdaşlığın ardıcıl şəkildə inkişaf etdiyini diqqətə çatdırıb.

Azərbaycan və Çin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın genişləndirilməsinin, transmilli cinayətkarlıqla mübarizə, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, təcrübə və informasiya mübadiləsi, habelə prokurorluq fəaliyyəti üzrə qabaqcıl təcrübələrin öyrənilməsinin mühüm əhəmiyyət daşıdığı bildirilib.

Bildirilib ki, Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti 2024-cü ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının Ümumi Konfransı və İllik İclasında iştirak edib. Həmçinin 2025-ci ildə Azərbaycan Respublikası Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti Çin Xalq Respublikasında təşkil olunmuş uzunmüddətli təlim proqramına qatılıb.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Yinq Yonq Azərbaycan ilə Çin arasında mövcud münasibətlərin yüksək inkişaf səviyyəsini qeyd edərək iki ölkənin strateji tərəfdaş dövlətlər olduğunu vurğulayıb, müxtəlif sahələri əhatə edən faydalı əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.

Yinq Yonq iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edərək səfərlərin, təcrübə mübadiləsinin və peşəkar əlaqələrin bu münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynadığını qeyd edib.

Çin Xalq Respublikasının Baş prokuroru Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilənin hüquq-mühafizə orqanları arasında hüquqi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması və cinayət işləri üzrə hüquqi yardım mexanizmlərinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüşün nəticələrinə uyğun olaraq iki qurum arasında hüquqi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, transmilli cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə prokurorluq orqanları arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Diqqətə çatdırılıb ki, imzalanmış sənəd iki ölkənin prokurorluq orqanları arasında yüksək səviyyədə inkişaf edən əlaqələrin və əməkdaşlığın məntiqi nəticəsi olmaqla, bu sahədə münasibətlərin yeni mərhələyə yüksəldilməsinə xidmət edir.

Memorandum təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, prokurorluq əməkdaşlarının peşəkar inkişafının və ixtisasının artırılması, müasir informasiya texnologiyalarının prokurorluq fəaliyyətində tətbiqi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və bu sahədə əldə olunmuş nailiyyətlərin bölüşülməsi, habelə əməkdaşlığın digər aktual istiqamətlərdə inkişaf etdirilməsi ilə bağlı məsələləri əhatə edir.

Bundan başqa, Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına və ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələr nəzərə alınaraq Yinq Yonqa “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

Daha sonra Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyini də ziyarət edib.

Qonaqlara Azərbaycan Prokurorluğunun tarixi, müxtəlif dövrlərdə fəaliyyəti və müasir inkişaf mərhələləri barədə məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər