“Bavariya” və “Ayaks” Keniyada yoldaşlıq görüşü keçirəcək
“Bavariya” və “Ayaks” komandaları 2027-ci il yanvarın 5-də Keniyanın paytaxtı Nayrobidə yoldaşlıq oyunu keçirəcəklər.
Operativ Media xəbər verir ki, ESPN nəşri Keniya prezidenti Uilyam Rutoya istinadən məlumat yayıb. Qarşılaşma 60 min tamaşaçı tutumuna malik “Raila Odinga International” stadionunun rəsmi açılış mərasiminin bir hissəsi olacaq.
Yeni arena 2027-ci ildə keçiriləcək Afrika Millətlər Kubokunun əsas stadionlarından biri olacaq. Keniya, Tanzaniya və Uqandanın birgə ev sahibliyi edəcəyi turnir iyunun 19-dan iyulun 17-dək təşkil olunacaq. Yarış tarixdə ilk dəfə üç ölkədə keçiriləcək və 1976-cı ildən sonra ilk dəfə Şərqi Afrikaya qayıdacaq.
Ümumilikdə Avropa çempionları kuboku və Çempionlar Liqasının 10 titulunu qazanan “Bavariya” və “Ayaks” Nayrobidə ilk dəfə üz-üzə gələcəklər. Almaniya klubu üçün bu görüş Afrika bazarında mövqelərini gücləndirmək strategiyasının bir hissəsi olacaq.
Çinin “China Road and Bridge Corporation” şirkəti tərəfindən inşa edilən stadion Keniyanın sabiq baş naziri Raila Odinqanın şərəfinə adlandırılıb. Almaniyada təhsil almış Odinqa futbolun böyük azarkeşi olub.
Arena hibrid ot örtüyü, 52 VIP loja, eləcə də VAR və qolun müəyyənləşdirilməsi sistemləri ilə təchiz edilib.