Polis Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konfrans keçirilib
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “8 Noyabr - Azərbaycan tarixinin zəfər zirvəsi” mövzusunda konfrans keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Tədbirdə müxtəlif dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, ali təhsil və elmi-tədqiqat müəssisələrinin nümayəndələri, təhsilalanlar, eləcə də Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov qonaqları salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. Akademiyanın rəisi konfransın keçirilmə məqsədi barədə fikirlərini bölüşərək Zəfər Gününün tarixi-siyasi əhəmiyyətini milli dövlətçiliyimizin və hərbi qüdrətimizin parlaq təzahürü kimi diqqətə çatdırıb.
Daha sonra çıxış edən tədbir iştirakçıları Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində müstəsna yer tutduğunu, bu şanlı tarixin milli qürurun, Vətənə sonsuz sevginin və şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın təcəssümü olduğunu vurğulayıblar.
Konfransın bədii hissəsində akademiyanın kursantları tərəfindən hazırlanmış “Azərbaycan tarixinin zəfər zirvəsi” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunub.