Menyu

İşğaldan sonra doğulan şəxslərə məcburi köçkün statusu veriləcək – Şərtlər

Operativ Media
İşğaldan sonra doğulan şəxslərə məcburi köçkün statusu veriləcək – Şərtlər
2 dəq oxu

Rayonun işğalından sonra doğulmuş uşaqlara (xidməti işi və qanunvericiliklə müəyyən edilmiş digər hallarla əlaqədar başqa şəhər və rayonlara daimi qeydiyyata düşmüş valideynlər istisna olmaqla) məcburi köçkün statusu veriləcək.

Operativ Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı aidiyyəti qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilib.

Belə ki, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara, rayonun işğalından sonra doğulmuş uşaqlara (xidməti işi və qanunvericiliklə müəyyən edilmiş digər hallarla əlaqədar başqa şəhər və rayonlara daimi qeydiyyata düşmüş valideynlər istisna olmaqla) “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək.

İşğal olunmuş rayonlardan məcburi köçkün düşmüş şəxslərin işğaldan sonra doğulan övladlarının məcburi köçkün statusu alması üçün valideynlərinə dair sənədlər təqdim edilməlidir. Bu zaman atanın məcburi köçkün vəsiqəsi və ya məcburi köçkün düşməsini təsdiq edən arayış tələb olunur.

Belə ki, “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarına əsasən, rayonun işğalından sonra doğulmuş şəxslər üçün müvafiq sənədlər təqdim edilməlidir.

Bu şəxslərdən şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti tələb olunur. Hər iki sənədin əsli də təqdim edilməlidir.

Bundan başqa, ananın şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnaməsinin surəti, eləcə də sənədlərin əsli təqdim edilməlidir.

Nikahı pozulmuş şəxslərə münasibətdə nikahın pozulması haqqında şəhadətnamə tələb olunur. Nikah olmadığı halda isə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə təqdim edilməlidir.

Sənədlər sırasında atanın şəxsiyyət vəsiqəsinin surəti də yer alır. Bu sənədin əsli də təqdim olunmalıdır.

Əsas tələblərdən biri də atanın məcburi köçkün statusunu təsdiq edən sənədlə bağlıdır. Bunun üçün onun “məcburi köçkün” vəsiqəsi və ya məcburi köçkün düşməsi barədə müvafiq rayon icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış təqdim edilməlidir.

Həmçinin müraciət zamanı iki ədəd 3x4 ölçüdə, ağ fonda rəngli fotoşəkil verilməlidir.

Qeyd edək ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir.

“Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs yuxarıda qeyd edilən sənədləri elektron və ya qeyri-elektron formada bilavasitə və yaxud Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli nümayəndələri, Komitənin yerli nümayəndələri olmayan şəhər və rayonlarda isə icra hakimiyyəti orqanları vasitəsi ilə Komitəyə təqdim edir.

Ərizə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxslərin özü tərəfindən yazılmalı və imzası ilə təsdiq edilməlidir.

Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o ərizəni səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə yaza və təqdim edə bilər.

Komitənin yerli nümayəndələri və yaxud şəhər və rayon icra hakimiyyətləri “məcburi köçkün” statusu verilməsinə dair ərizələri əlavə edilmiş sənədlərlə birlikdə 7 iş günü müddətində Komitəyə təqdim etməlidirlər.

Əlaqəli Xəbərlər