Menyu

İşğaldan əvvəl nikahdan kənar doğulan şəxslərə məcburi köçkün statusu veriləcək

Operativ Media
İşğaldan əvvəl nikahdan kənar doğulan şəxslərə məcburi köçkün statusu veriləcək
1 dəq oxu

İşğal zamanı 18 yaşına çatmış və nikaha daxil olmamış qadınların işğaldan əvvəl doğulmuş övladları üçün də məcburi köçkün statusunun alınmasına dair müraciət etmək mümkün olacaq.

Operativ Media-nın əldə etdiyi məlumata görə, bunun üçün həmin qadınlar və onların işğaldan əvvəl doğulmuş övladları ilə bağlı müvafiq sənədlər təqdim edilməlidir.

Sənədlər sırasında ərizə forması, şəxsiyyət vəsiqəsinin surəti, işğal zamanı məcburi köçkün düşdükləri rayonda pasport qeydiyyatında olmalarını təsdiq edən Daxili İşlər Nazirliyinin rayon şöbəsinin arayışı və məcburi köçkün düşmələri barədə müvafiq rayon icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış yer alır.

Bundan başqa, rayonun işğalı zamanı ailə vəziyyətinə dair arayış və iki ədəd 3x4 ölçüdə rəngli fotoşəkil təqdim olunmalıdır.

Qadınların işğaldan əvvəl doğulmuş övladlarına münasibətdə isə onların şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnaməsinin surəti də sənədlərə əlavə edilməlidir. Sənədlərin əsilləri də təqdim olunmalıdır.

Qeyd edək ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional orqanları və ya yerli bölmələrində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir.

“Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs ərizə ilə birlikdə sənədləri elektron və ya kağız formada Komitənin regional orqanları və ya yerli bölmələrinə təqdim edir.

Ərizə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxslərin özü tərəfindən yazılmalı və imzası ilə təsdiq edilməlidir.

Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o ərizəni səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə yaza və təqdim edə bilər.

Komitənin regional orqanları və yerli bölmələri “məcburi köçkün” statusu verilməsinə dair ərizələri əlavə edilmiş sənədlərlə birlikdə 7 iş günü müddətində Komitəyə təqdim etməlidirlər.

Əlaqəli Xəbərlər