İşğal zamanı hərbi xidmətdə olan şəxslərə məcburi köçkün statusunun verilməsi qaydası dəyişir
İşğal zamanı işğal bölgəsində müddətli həqiqi hərbi xidmətdə olmuş işğal edilmiş rayon sakinlərinin məcburi köçkün statusu alması üçün hərbi xidmətdən tərxis olunmasını gözləməsi tələbi aradan qaldırılır.
Operativ Media-nın əldə etdiyi məlumata görə, “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarında müvafiq dəyişiklik edilir.
Əvvəlki qaydaya əsasən, hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayon sakinlərinə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə yalnız hərbi xidmətdən tərxis olunduqdan sonra verilirdi.
Yeni redaksiyada isə bu şərt aradan qaldırılır. Belə ki, müvafiq müddəadan “hərbi xidmətdən tərxis olunduqdan sonra” sözləri çıxarılır.
Beləliklə, işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olmuş işğal edilmiş rayon sakinlərinin məcburi köçkün statusu alması üçün hərbi xidmətdən tərxis olunmasını gözləməsi tələb edilməyəcək.
Qeyd edək ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional orqanları və ya yerli bölmələrində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir.
“Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs ərizə ilə birlikdə sənədləri elektron və ya kağız formada Komitənin regional orqanları və ya yerli bölmələrinə təqdim edir.
Ərizə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxslərin özü tərəfindən yazılmalı və imzası ilə təsdiq edilməlidir.
Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o ərizəni səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə yaza və təqdim edə bilər.
Komitənin regional orqanları və yerli bölmələri “məcburi köçkün” statusu verilməsinə dair ərizələri əlavə edilmiş sənədlərlə birlikdə 7 iş günü müddətində Komitəyə təqdim etməlidirlər.