Övladlığa götürülən şəxslərə məcburi köçkün statusunun verilməsinə məhdudiyyət tətbiq ediləcək
İşğaldan sonra məcburi köçkün statusu olan şəxslər tərəfindən övladlığa götürülən, şəxslərə məcburi köçkün statusunun verilməməsi nəzərdə tutulur.
Operativ Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı statusun verilməsindən imtinanı müəyyən edən qaydaya yeni müddəa əlavə edilir.
Belə ki, “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarına əsasən, hazırda sakini olduğu rayonun işğalından sonra məcburi köçkün statusuna malik şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş, lakin özü məcburi köçkün statusuna malik olmayan şəxslərə bu status verilmir.
Yeni dəyişikliklə həmin müddəaya “tərəfindən” sözündən sonra “övladlığa” sözü əlavə edilir.
Beləliklə, məhdudiyyət yalnız himayə və qəyyumluğa götürülən şəxslərlə deyil, işğaldan sonra məcburi köçkün statusu olan şəxslər tərəfindən övladlığa götürülən və özünün məcburi köçkün statusu olmayan şəxslərlə də bağlı olacaq.
Nəticədə, sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən övladlığa, himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilməyəcək.
Qeyd edək ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional orqanları və ya yerli bölmələrində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir.
“Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs ərizə ilə birlikdə sənədləri elektron və ya kağız formada Komitənin regional orqanları və ya yerli bölmələrinə təqdim edir.
Ərizə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxslərin özü tərəfindən yazılmalı və imzası ilə təsdiq edilməlidir.
Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o ərizəni səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə yaza və təqdim edə bilər.
Komitənin regional orqanları və yerli bölmələri “məcburi köçkün” statusu verilməsinə dair ərizələri əlavə edilmiş sənədlərlə birlikdə 7 iş günü müddətində Komitəyə təqdim etməlidirlər.