Məcburi köçkün statusunun verilməsində qadın və kişilərlə bağlı fərq aradan qaldırılır
Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayon sakini ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan şəxslərə status verilməsi qaydası genişləndirilir. İndiyədək yalnız qadınlara şamil edilən bu imkan yeni dəyişikliklə kişilərə də aid ediləcək.
Operativ Media-nın əldə etdiyi məlumata görə, “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarında müvafiq dəyişiklik edilir.
Əvvəlki redaksiyaya əsasən, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan və işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara məcburi köçkün statusu verilirdi.
Yeni dəyişikliklə müddəada “ərinin” sözündən sonra “(arvadının)”, “qadınlara” sözündən sonra isə “(kişilərə)” ifadələri əlavə olunur.
Beləliklə, qayda artıq həm işğal olunmuş rayon sakini ilə nikahda olmuş qadınlara, həm də belə şəxslərlə nikahda olmuş kişilərə şamil ediləcək. Bu şəxslərin öz rayonlarından pasport qeydiyyatından çıxmamaları və işğaldan sonra həyat yoldaşının yaşayış yeri üzrə qeydiyyata düşmələri ilə bağlı şərt isə saxlanılır.
Nəticədə, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin (arvadının) yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara (kişilərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək.
Qeyd edək ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional orqanları və ya yerli bölmələrində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir.
“Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs ərizə ilə birlikdə sənədləri elektron və ya kağız formada Komitənin regional orqanları və ya yerli bölmələrinə təqdim edir.
Ərizə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxslərin özü tərəfindən yazılmalı və imzası ilə təsdiq edilməlidir.
Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o ərizəni səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə yaza və təqdim edə bilər.
Komitənin regional orqanları və yerli bölmələri “məcburi köçkün” statusu verilməsinə dair ərizələri əlavə edilmiş sənədlərlə birlikdə 7 iş günü müddətində Komitəyə təqdim etməlidirlər.