
“Yollarda kiçik qəzalara görə uzun tıxaclar yaranır. Sığorta şirkətlərinin özbaşınalığı qanunun açıq şəkildə pozulmasıdır”- bunu “Operativ Media”ya açıqlamasında yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyib.
Ekspertin sözlərinə görə, yol qəzalarında sürücülərin sığorta şirkətinin nümayəndəsini gözləməsi süni sıxlığa səbəb olur. Əslində isə sürücülər sığorta şirkətinin nümayəndəsini gözləməməlidirlər.
“Yol hərəkəti haqqında qanunda bu məsələlərin hamısı açıq şəkildə yazılıb. Sadəcə sığorta şirkətləri bəzən özbaşınalığa yol verir. Düzdür, bəziləri artıq bu problemə son qoyublar. Kiçik yol nəqliyyat hadisələri zamanı min manata qədər dəymiş zərərlə bağlı sığortanın və ya yol polisinin hər hansısa bir əməkdaşın hadisə yerinə gəlməyinə heç bir ehtiyac yoxdur. Sürücülər dərhal maşınlarını kənarlaşdırır, öz aralarında razılığa gəlirlər, üz tuturlar yol polisi şöbəsinə və burda da protokol tərtib olunur, təqsiri polis müəyyənləşdirir, daha sonra sığortaya bildiriş gedir. Sığorta da ödənişi edir. Sığorta polisin protokolu əsasında ödənişi edir”.
Elməddin Muradlının sözlərinə görə, ağır xəsarətlə və ölümlə nəticələnən qəzalarda polisin gəlməsi vacibdir.
“Ümumiyyətlə yol nəqliyyat hadisəsi zamanı sürücünün hərəkəti və davranışları qanunda göstərilir ki, sürücü hadisənin sxemini, video, fotosunu çəkir və öz aralarında razılaşır və avtomobilini yolun hərəkət hissəsindən kənarlaşdırır. Amma ağır qəzalar var ki, ölümlə, ağır xəsarətlə nəticələnir, bu zaman sxemi polis gəlib çəkməlidir. Hadisənin baş vermə trayektoriyası, dəlillər sübutlar yerindən tərpədilməməlidir. Maşınları yerindən çəksələr belə, dəlil, sübutlar yerində qalmalıdır”
Elməddin Muradlı deyir ki, sığorta şirkətləri dəyən ziyana görə az məbləğ ödəmək üçün sürücüləri hadisə yerini tərk etməklə ittiham edir.
“Ancaq sığorta şirkətləri bəzən sürücüləri buna görə incidirlər ki, siz hadisə yerini tərk etmisiniz, maşını niyə kənara çəkmisiniz və.s. Sığorta şirkətləri zərəri müəyyənləşdirmək üçün sürücüyə bəzən az məbləğ deyirlər, ona görə də bəhanə axtarırlar ki, sən avtomobili hadisə yerindən tərpətmisən. Birinci hadisə baş verən andan bir neçə dəqiqə sonra video foto çəkilirsə, həmin görüntülər əsasında da sürücü foto videonu təqdim edir sığorta şirkətinə, sığorta şirkəti də bunun əsasında qiymətləndirmə apara bilər. Bəzən olur ki, sürücülər başqa detalların da sıradan çıxdığını əsas gətirirlər. Onun da həll yollları var. Ekspertiza var, mütəxəssislər var ki, buna rəy verə bilərlər. Ona görə bu məsələləri aradan qaldırmaq üçün sığorta şirkətlərinin sadəcə və sadəcə vicdanlı davranması lazımdır”.