Menyu

Deputat: Ailə dəyərlərinin zəifləməsi cəmiyyətin təməlinin sarsılmasına səbəb ola bilər

Nərmin Qocamanlı
Deputat: Ailə dəyərlərinin zəifləməsi cəmiyyətin təməlinin sarsılmasına səbəb ola bilər

Son illərdə ailə quruluşu əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Ənənəvi ailə modeli ilə yanaşı, tək valideynli ailələr, könüllü uşaqsız ailələr və digər alternativ ailə formaları daha çox yayılmağa başlayıb. Sosial, iqtisadi və mədəni faktorlar bu dəyişikliyi sürətləndirir və cəmiyyətin ailə anlayışına yeni baxışlar gətirir.

Məsələ ilə bağlı deputat Fazil Mustafa Operativ Media-ya danışıb.

Onun fikrincə ailənin dəyəri əslində elə uşağın varlığı ilə ölçülür: 
"Təbii ki, əgər hansısa bioloji səbəblərdən övlad sahibi olmaq mümkün deyilsə, bu artıq fərqli bir məsələdir. Lakin son dövrlərdə gənclər arasında ailə qurmağa və övlad sahibi olmağa marağın azalması ciddi bir sosial problem kimi qarşımıza çıxır. Bu tendensiya ailə anlayışının təhdid altında olduğunu göstərir.

Bu problemin əsas səbəblərindən biri ailə dəyərlərinin məktəbdə, ev mühitində və ümumilikdə cəmiyyətdə yetərincə təbliğ olunmamasıdır. Ailə institutu bir millətin dayağıdır xalq isə bütövlükdə ailələrdən ibarətdir. Əgər ailə dəyərləri zəifləyərsə bu cəmiyyətin təməlinin sarsılmasına səbəb ola bilər. Hazırda bu tendensiyanın geniş yayılması ciddi narahatlıq doğurur.

Ailə qurmaq və uşaq sahibi olmaq əlbətə ki, hər kəsin şəxsi seçimidir. Lakin bu seçimin kütləvi hala çevrilməsi və geniş yayılması cəmiyyət üçün təhlükə yarada bilər. Çünki ailə institutu yalnız fərdlərin deyil, bütöv bir xalqın gələcəyini müəyyən edən əsas sütunlardan biridir. Bu səbəbdən ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi üçün maarifləndirici və psixoloji tədbirlərin həyata keçirilməsi vacibdir. Cəmiyyətdə ailə və övlad anlayışının önəmi düzgün təbliğ olunmalıdır ki, gələcək nəsillər sağlam ailə modelində böyüyüb formalaşsınlar.

Biz çalışmalıyıq ki, ailə institutunu ciddi şəkildə qoruyaq, inkişaf etdirək və onun dəyərlərini gələcək nəsillərə ötürək. Bunun üçün həm sosial, həm də mənəvi-psixoloji tədbirlər görülməli, ailənin cəmiyyətdəki yeri və əhəmiyyəti daim vurğulanmalıdır”.

Məsələ ilə bağlı Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayamlı da öz fikirlərini Operativ Media ilə bölüşüb:

"Son 20-30 il ərzində xalqımızın mənəvi dəyərlər sistemi ciddi devalvasiyaya uğrayıb və anormal istiqamətdə dəyişməkdədir. Nəticədə uşaqsız ailələr sürətlə artıb. Nadir hallarda iki uşaqlı ailələr formalaşmaqdadır. Bu isə demoqrafik fəlakətə yol aça biləcək təhlükəli tendensiyadır.

Bu prosesin iki əsas səbəbi var: mənəvi-psixoloji və sosial-iqtisadi amillər. Mənəvi deqradasiya son 30 ildə sürətlənib. Xüsusilə bəzi televiziya kanallarında və media orqanlarında yayımlanan proqramlar və ekspert çıxışları gənc nəslin psixologiyasını tamamilə dəyişdirib. Nəticədə gənc nəsil getdikcə daha egoist və narsist xarakter alaraq yalnız şəxsi maraqlarını güdən insanlara çevrilir. Onlar aşkar şəkildə ifadə edir ki, artıq valideyn olmaq və uşaqlara zaman ayırmaq istəmirlər. Bu mənəvi deqradasiyanın kulminasiya nöqtəsidir və bundan sonrakı mərhələ artıq uçurumdur.

Bu prosesin fəsadlarını Qərb ölkələrində görmək mümkündür. Avropa, ABŞ və Rusiyada bu tendensiya çoxdan başlayıb və həmin ölkələrdə demoqrafik böhran yaşanmaqdadır. Əhali artımı dayanıb, ailə institutu zəifləyib və mənəvi çöküş baş verib. Nəticədə əhalinin azalması və qocalması prosesi sürətlənib. Azərbaycan da hazırda bu yolun başlanğıcındadır.

Digər vacib amil isə sosial-iqtisadi şərtlərlə bağlıdır. Maddi çətinliklər gənclərin ailə qurmasına və ya yalnız bir uşaqla kifayətlənməsinə səbəb olur. 1990-cı illərdə boşanmalar 5 faiz təşkil edirdisə hazırda bu göstərici 50 faizə yüksəlib. Bu cəmiyyət üçün ciddi təhlükədir. Sağlam cəmiyyətin mövcudluğu üçün sağlam ailə modeli qorunmalıdır. Ancaq hazırkı tendensiya göstərir ki, uşaq doğumu kəskin azalır, boşanmalar artır, tək valideynlik problemi böyüyür və gənclər evlənməkdən çəkinir. Bu milli faciəyə aparan bir prosesdir və onun qarşısını almaq üçün çox az vaxtımız qalıb.

Son 20 ildə bu vəziyyətlə bağlı həyəcan təbili çalınsa da konkret addımlar atılmayıb. Əksinə vəziyyətin daha da gərginləşməsinə xidmət edən təbliğatlar aparılır. Televiziya və internetdə açıq şəkildə gənclərin psixoloji təzyiqə məruz qalmasına səbəb olan proqramlar yayımlanır. Sosial-iqtisadi şərtlər uyğun deyil gənc ailələrə dəstək yoxdur. Bütün bunlar cəmiyyətin ailə institutuna zərbə vurur.

Beynəlxalq təşkilatlar 2050-ci ilə qədər Azərbaycanın əhalisinin kəskin azalacağını proqnozlaşdırırlar. Doğum səviyyəsinin azalması, əhalinin yaşlanması sosial və iqtisadi böhrana səbəb ola bilər. Bu həm demoqrafik, həm də mənəvi fəlakətdir. Eyni zamanda, əhalinin qocalması iqtisadi problemlər yaradır. Bir çox ölkələr bu təhlükəni nəzərə alaraq ailə institutunu qorumaq və doğum səviyyəsini artırmaq üçün müxtəlif proqramlar həyata keçirirlər. Azərbaycan da bu təcrübədən yararlanmalıdır. Lakin ilk növbədə milli-mənəvi dəyərlərimizi hədəfə alan psixoloji terror dayandırılmalıdır.

Bu məsələdə əs əsas məsuliyyət televiziya kanallarının üzərinə düşür. Hazırda ailə institutunun zəifləməsinin 90 faizinin səbəbi məhz televiziya kanallarında yayımlanan zərərli verilişlərdir. Bəzi şəxslər açıq şəkildə boşanmanı və ailə dağıdıcı həyat tərzini təbliğ edirlər. Boşanmaların asanlaşdırılması, vəkillərin bu sahədə aktiv fəaliyyəti, problemləri həll etmək əvəzinə ailələrin dağılmasına yönəlmiş addımlar cəmiyyət üçün təhlükəli hal alıb. Buna görə də hökumət bu istiqamətdə ciddi tədbirlər görməli, ailə dəyərlərinə qarşı təbliğat aparan şəxslərə qarşı qanuni tədbirlər görülməlidir. Gənc ailələrə sosial-iqtisadi dəstək proqramları hazırlanmalıdır. 

Hazırkı vəziyyətə müdaxilə edilməzsə gələcəkdə çox ciddi problemlərlə üzləşə bilərik. Ona görə də bu sahədə dərhal ciddi işlər görülməlidir. Əks halda 20-30 il ərzində Azərbaycan cəmiyyəti demoqrafik və mənəvi baxımdan böyük çətinliklərlə üzləşəcək".

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə hazırlanıb.

Gülcahan Məmmədova

Teqlər:

"Deputat: Ail\u0259 d\u0259y\u0259rl\u0259rinin z\u0259ifl\u0259m\u0259si c\u0259miyy\u0259tin t\u0259m\u0259linin sars\u0131lmas\u0131na s\u0259b\u0259b ola bil\u0259r"

Əlaqəli Xəbərlər