"Abituriyentlər ölkə daxilində yerləşən ali təhsil müəssisələrinə qəbul ola bilmədiklərində bəzi şirkətlərin aldadıcı vədlərinin qurbanına çevrilirlər. Nəticədə onlar qeyri-qanuni və ya legitim olmayan attestatlarla xarici universitetlərə qəbul alırlar ki, bu da gələcəkdə diplomlarının tanınması ilə bağlı ciddi problemlər yaradır".
Bu sözləri Operativ Media-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
O bildirib ki, xaricdə təhsil almaq istəyən abituriyentlər mütləq geniş araşdırma aparmalıdırlar: "İlk növbədə əməkdaşlıq edilən şirkətlər haqqında məlumat toplanmalı, həmin şirkətin təhsil sahəsində uzun müddət fəaliyyət göstərdiyi təsdiqlənməlidir. Şirkət daha əvvəl xaricdə təhsil alan tələbələrin siyahısını təqdim etməlidir".
Ekspert bildirib ki, abituriyentlər qəbul olacaqları universitetin dünya reytinqindəki yerini öyrənməli və təhsil alacaqları ixtisasın ölkə üçün prioritet olub-olmadığını nəzərə almalıdırlar: "Bundan əlavə təhsil ancaq əyani olmalaıdır. Hələ də bəzi tələbələr bilmir ki, xaricdə distant təhsil alan şəxslərin diplomları ölkəmizdə tanınmır.
Eyni zamanda təhsil aldıqları ixtisas ölkədə tanınmalı, təhsil aldıqları dil üzrə (rus, ingilis, alman, fransız və s) bilikləri yoxlanılmalıdır. ( Məsələn: Əgər tələbə alman dilində təhsil alıbsa amma bu dildə biliyi kifayət qədər deyilsə o zaman həmin şəxs necə yeni biliklərə yiyələnib?). Bu kriteriyalara cavab verməyən universitetlərdə təhsil alan şəxslərin diplomları tanınmır. Hər il rəsmi dövlət qurumları bu barədə açıqlamalar verir. Məsələn 300 müraciətdən yalnız 100-nün qəbul edildiyi hallar olur.
Buna görə də attestatla xaricdə təhsil almaq istəyən şəxslər ilk olaraq mütəxəssislərə müraciət etməli və yalnız rəsmi şəkildə tanınan universitetlərə yönləndirilməlidirlər. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) saytında diplomların tanınıb-tanınmaması ilə bağlı araşdırma aparılmalıdır. Yalnız bu addımları atdıqdan sonra xaricdə təhsil üçün müraciət etmək məqsədəuyğundur".






