Rayonlarda ev və torpaq qiymətləri necədir? - ARAŞDIRMA
Son illər daşınmaz əmlakın qiymətində ciddi artım müşahidə olunur. Bu tendensiya təkcə paytaxtla məhdudlaşmır, regionlara da öz təsirini göstərir.
Bəs görəsən, rayonlarda torpaq və evlərin qiyməti necə dəyişir?
Məsələ ilə bağlı əmlak eksperti Ramil Qasımzadə Operativ Media-ya açıqlama verib.
O, bildirib ki, paytaxt Bakıda daşınmaz əmlakın qiymətində müşahidə olunan artım bölgələrə də təsirsiz ötüşmür: "Ümumiyyətlə son vaxtlar rayonlarda daşınmaz əmlak bazarında müəyyən dinamika müşahidə olunur. Doğrudur bu dinamika Bakı ilə müqayisə edilə biləcək səviyyədə deyil, lakin bölgələrdə də qiymət artımı nəzərə çarpır.
Ekspertin sözlərinə görə, regionlarda bahalaşma əsasən turizm potensialı olan ərazilərdə hiss olunur:
"Son 4-5 il ərzində rayonların mərkəzi hissələrində satılan torpaq sahələrinin bir sotu ən azı iki dəfə bahalaşıb. Əmlak qiymətlərində artım əsasən şimal və şimal-qərb bölgələrində – Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Zaqatala, Qax və Şəki istiqamətində müşahidə olunur.
Ən az qiymət artımı isə Aran bölgəsində qeydə alınır. Saatlı, Sabirabad kimi rayonlarda evlərin qiyməti nisbətən aşağı səviyyədə qalır.
Cənub bölgələrində – Lənkəran, Masallı, Astara kimi rayonlarda isə Xəzər dənizi boyu yerləşən torpaq sahələrinin, xüsusilə də turizm təyinatlı ərazilərin qiymətində artım müşahidə edilir".
Ekspert rayonlardakı torpaq sahələrin qiymətləri barəsində də məlumat verib:
"Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qiymətində də artım müşahidə olunur. Bu torpaq sahələri adətən hektarlarla satılır. Hazırda kənd təsərrüfatı üçün ayrılmış torpaqların bir sotu 50 manatdan başlayaraq 3000 manata qədər dəyişə bilər. Ən bahalı kənd təsərrüfatı torpaqları Abşeron yarımadasında yerləşir. Lakin digər regionlarda da orta hesabla bir sotu 500 manat civarındadır.
Torpaq sahələrinin qiyməti əsasən onun münbitliyindən, suvarma sistemlərinə yaxınlığından, dəmyə torpaq olub-olmamasından və ümumi keyfiyyət göstəricilərindən asılı olaraq dəyişir".
Bəzi evlərin qiymətlərini təqdim edirik:
|
1 |
Qəbələ |
Yeni tikili, 8,5 sot, 3 otaq 180 min AZN |
|
2 |
Oğuz |
Köhnə tikili, 4 otaq 12 sot, 70 min AZN |
|
3 |
Gəncə şəhəri |
Mərkəz, 4 otaq, obyekt, 500 min AZN |
|
4 |
Cəlilabad |
5 otaq, 2 mərtəbə, 7 sot, 61 min AZN |
|
5 |
Lənkəran |
12 sot, 6 otaq, 120 min AZN (barter var, ancaq Bakı şəhəri). |
|
6 |
Ağstafa |
40 sot, 4 otaq, 25 min AZN |
|
7 |
Qax |
4 sot, 4 otaq, 125 min AZN |
|
8 |
Ağsu |
4 sot, 4 otaq, 50 min AZN |