Menyu

Uşaqların təhsildəki uğurunda ailənin payı nə qədərdir?

Nərmin Qocamanlı
Uşaqların təhsildəki uğurunda ailənin payı nə qədərdir?

Təhsil hər bir insanın həyatında böyük önəm daşıyır. Lakin təhsilin keyfiyyətli və məqsədəuyğun olması yalnız məktəblə məhdudlaşmır. Şagirdlərin uğurlu təhsil alması üçün ailənin dəstəyi və iştirakı olduqca vacibdir. Ailə uşağın ilk müəllimidir desək yanılmarıq. 


Ailənin təhsildəki rolu nədən ibarətdir?
 

Bu barədə Operativ Media-ya sosioloq Məhbubə Mehdiyeva açıqlama verib.

O bildirir ki, şagirdin təhsilində ailənin rolu böyükdür:

“Uşağın xüsusilə də şagirdin və ya yeniyetmənin təhsilində ailənin rolu danılmazdır. Bir çox hallarda biz bütün məsuliyyəti məktəbin, müəllimin və ya təhsil sisteminin üzərinə atırıq. Halbuki bir şagird gününün sadəcə 5-6 saatını məktəbdə keçirir yəni günün az qala 3/4 hissəsi evdə, ailə ilə və ya digər şəxslərlə keçir.

Demək olar ki, şagirdin formalaşmasında ilk təməllər ailədə qoyulur. Uşaq ilk sözləri evdə eşidir, ilk davranış qaydalarını ailədən öyrənir. Əgər evdə qarşılıqlı hörmət, qayğı və düzgün münasibət varsa bu uşaqda da özünü göstərir. Əksinə evdə laqeydlik, kobudluq və ya diqqətsizlik varsa, bu da uşağın davranışına təsir edir. 

Təhsil müəssisəsi əlbəttə ki, uşağın formalaşmasında önəmli rol oynayır, amma hər bir davranışa görə yalnız məktəbi günahlandırmaq düzgün deyil. Məsələn, əgər bir şagird dərsə maraq göstərmirsə və ya neqativ davranışlar sərgiləyirsə bəlkə də problemin kökü evdəki mühitdədir”.


Sosioloq vurğulayıb ki, uşağın uğurunun sirri ailə və məktəbin birgə əməkdaşlığından keçir:


“Ailə həm tərbiyə, həm də təhsildə bir nömrəli rol oynayır. Uşaq dərsə qarşı münasibəti ailənin yanaşmasından götürür. Əgər valideyn kitab oxuyursa, uşağın da kitaba marağı olur. Əgər valideynlər dərslə maraqlanırsa, uşaq da dərsə məsuliyyətlə yanaşır.

Bəzən valideynlər "uşaq məktəbdə hər şeyi öyrənəcək" deyə düşünürlər. Amma bu  tam düzgün fikir deyil. Məktəb bir istiqamət göstərir, amma onu gündəlik həyatla birləşdirmək və uşaqda alışqanlığa çevirmək məhz ailənin vəzifəsidir.

Sonda demək istəyirəm ki, uşağın uğurunun sirri həm ailənin, həm məktəbin birgə əməkdaşlığından keçir. Valideyn və müəllim əl-ələ verib eyni məqsəd uğrunda çalışanda nəticə də uğurlu olur”.


Günay Nəcəfova

Teqlər:

"U\u015faqlar\u0131n t\u0259hsild\u0259ki u\u011furunda ail\u0259nin pay\u0131 n\u0259 q\u0259d\u0259rdir?"

Əlaqəli Xəbərlər