Vüsalə Muradxanlı: “Bizim qanunvericilikdə xəyanət anlayışı mövcud deyil”

Operativ Media
Vüsalə Muradxanlı: “Bizim qanunvericilikdə xəyanət anlayışı mövcud deyil”

Mədəniyyət kanalında yayımlanan “Başqa Söhbət” verilişinin son buraxılışı ailə münasibətlərində ən çox müzakirə olunan, lakin qanunvericilikdə birbaşa izahı olmayan mövzuya — xəyanətə həsr olunub.

Operativ Media xəbər verir ki, verilişin qonaqlarından biri, tanınmış vəkil və “Qanun Qayda” verilişinin aparıcısı Vüsalə Muradxanlı bu məsələyə həm hüquqi, həm də mənəvi aspektdən yanaşaraq cəmiyyət üçün vacib məqamlara toxunub.

Muradxanlı bildirib ki, Azərbaycan Ailə Məcəlləsində “xəyanət” anlayışı hüquqi termin kimi mövcud deyil, bu səbəbdən məhkəmələr boşanma işlərinə baxarkən xəyanət faktını ayrıca araşdırmır:

“Bəzən ailədə pozulan etibar yalnız mənəvi deyil, hüquqi nəticələr də doğurur. Lakin qanun bunu ‘xəyanət’ kimi deyil, ailə münasibətlərinin bərpasının mümkünsüzlüyü kimi qiymətləndirir. Mən hesab edirəm ki, bu məsələ qanunvericilikdə ayrıca araşdırılmalı və ailə münasibətlərinə daha real hüquqi yanaşma gətirilməlidir.”

Vəkilin sözlərinə görə, Azərbaycan məhkəmələri boşanma səbəblərini araşdırmır, çünki qanunvericilikdə boşanmanın səbəbindən asılı olaraq tərəflərə hər hansı imtiyaz və ya hüquqi üstünlük nəzərdə tutulmur:

“Boşanma istənilən səbəbdən baş verə bilər və bu, tərəflərin hüquqi statusuna təsir etmir. Məhz buna görə də məhkəmələr ‘xəyanət olub-olmaması’nı araşdırmır. Amma bu, o demək deyil ki, məsələ hüquqi əhəmiyyət daşımır — sadəcə, hazırkı qanunvericilik bu məsələni ayrıca nəzərə almır.”

Verilişdə “Ailədə sarsılan etibar – məsələ hüququnmu, vicdanınmı?” sualı ətrafında aparılan müzakirələr tamaşaçılar arasında böyük maraq doğurub. Mövzunun aktuallığı sosial mediada da geniş rezonans yaradıb.

Bir çox izləyicilər xəyanət anlayışının Azərbaycan qanunvericiliyində ayrıca tənzimlənmədiyini ilk dəfə öyrəndiklərini bildiriblər. Sosial şəbəkələrdə istifadəçilər bu məsələnin hüquqi müstəviyə gətirilməsinin zəruriliyini, digərləri isə xəyanətin hüquqi deyil, vicdani məsələ olduğunu vurğulayıb.

Vüsalə Muradxanlı sonda qeyd edib ki, ailə münasibətlərində hüququn müdaxiləsi ilə vicdanın çəkisi arasında incə, lakin vacib bir balans mövcuddur və bu balansın qorunması həm fərdi, həm də ictimai məsuliyyətdir.

Digər xəbərlər