Vətəndaşlar “Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat əldə ediblər

Operativ Media
Vətəndaşlar “Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat əldə ediblər

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”da indiyədək 37500 nəfər “Coursera” platformasındakı təlimlərdən yararlanıb. İstifadəçilər 193 mindən çox təlimə müraciət edib və 69 min təlimi uğurla başa vurublar.

Operativ Media xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram” üzrə iştirakçıların sayı artmaqda davam edir.

2025-ci ilin aprel ayından başlayan “Milli Proqram” çərçivəsində bu günədək 37500 nəfər “Coursera” onlayn təhsil platformasında təqdim olunan təlimlərdən ödənişsiz yararlanıb. Təlim iştirakçılarının 29%-ni universitet tələbələri və ali təhsil müəssisələrinin əməkdaşları, 12%-ni isə akademik sferada (orta məktəblər, elmi-tədqiqat institutları və s.) fəaliyyət göstərənlər təşkil edir. 11 mindən çox tələbə və universitet əməkdaşı “Coursera” onlayn tədris platformasındakı 67 mindən çox təlimə (ümumi müraciətlərin 1/3-i) müraciət edib.

“Milli Proqram”a ən çox maraq göstərən 10 ali məktəbin siyahısı aşağıdakı kimidir:

Azərbaycan Dövlət İqtisad Universiteti (2292 iştirakçı, 4821 sertifikat);

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1559 iştirakçı, 2875 sertifikat);

Bakı Dövlət Universiteti (1229 iştirakçı, 1915 sertifikat);

Azərbaycan Texniki Universiteti (750 iştirakçı, 1743 sertifikat);

Bakı Mühəndislik Universiteti (1077 iştirakçı, 1453 sertifikat);

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (337 iştirakçı, 1088 sertifikat).

ADA Universiteti (441 iştirakçı, 1000 sertifikat);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (926 iştirakçı, 945 sertifikat);

Bakı Ali Neft Məktəbi (387 iştirakçı, 857 sertifikat);

Azərbaycan Memarlıq və İnşaat Universiteti (458 iştirakçı, 814 sertifikat);

Proqram iştirakçılarının digər hissəsini dövlət sektorunda çalışanlar (30%), özəl sektorda fəaliyyət göstərənlər (14%), həmçinin digər qruplar - məktəblilər, işsizlər, təqaüdçülər və s. (15%) təşkil edir.

“Milli Proqram” ölkədə rəqəmsal bacarıqların, innovasiya yönümlü təfəkkürün və yeni texnologiyalara inteqrasiyanın təşviqinə xidmət edir. Layihə çərçivəsində müxtəlif ixtisaslar üzrə müasir biliklərin əldə olunması və əmək bazarının tələblərinə uyğun kadr potensialının gücləndirilməsi məqsədilə genişmiqyaslı onlayn təlim imkanları yaradılıb. Bu günədək vətəndaşlar proqram çərçivəsində 193 mindən çox təlimə müraciət edib və 69 min təlimi uğurla başa vurublar. İştirakçılar daha çox süni intellekt, data elmi, layihələrin idarə olunması, informasiya texnologiyaları və yumşaq bacarıqlar üzrə təlimlərə üstünlük veriblər.

Hazırda “Milli Proqram”ın 6-cı mərhələsinə qeydiyyat davam edir. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.

“Coursera” platformasında Oksford, Kembric, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce”, “Siemens” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 13 mindən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

“Milli Proqram” istifadəçiləri platformada 2500 təlimi Azərbaycan dilində altyazı ilə, ən çox tələb olunan 15 təlim isə “deep fake” texnologiyası ilə dublyajda izləyə bilərlər (təlimlərin siyahısı - https://bit.ly/4ogG5Mw).

 

Proqram SOCAR, Paşa Holdinq, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

Digər xəbərlər