Menyu

Dilçi alim: İlham Əliyevin çıxışı Azərbaycan dilinin inkişafı üçün strateji istiqamətləri müəyyənləşdirdi

Ayşən Sadıxzadə
Dilçi alim: İlham Əliyevin çıxışı Azərbaycan dilinin inkişafı üçün strateji istiqamətləri müəyyənləşdirdi

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubileyi münasibətilə çıxışı zamanı milli dəyərlər, dilin qorunması və qloballaşma dövründə mədəni kimliyin saxlanılması ilə bağlı mühüm məsələlərə toxunmuşdur. Prezidentin nitqində Azərbaycan dilinə olan həssas münasibət, onun inkişafına göstərilən diqqət və bu istiqamətdə dövlət siyasətinin əsas istiqamətləri aydın şəkildə ifadə olunmuşdur”.

Bu fikirləri Operativ Media-ya açıqlamasında Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, dilçi alim Elçin İbrahimov deyib. 

O bildirib ki, Azərbaycan dilinin müasir dövrdə qarşılaşdığı təsirlər içərisində xüsusilə rus dilinin rolu və onun təsir imkanları tez-tez müzakirə mövzusu olur: 

“Lakin tarixi təcrübə göstərir ki, Azərbaycan dili XX əsrdə 70 illik sovet hakimiyyəti dövründə belə öz milli xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir. Bu fakt, dilin güclü milli dayaqlara söykəndiyini və xarici təsirlərə qarşı dayanıqlı olduğunu sübut edir.

Hazırda Azərbaycan cəmiyyətində rus dilinin geniş işlədilməsi müəyyən obyektiv və subyektiv amillərlə bağlıdır. Bir tərəfdən, ölkədə rusdilli məktəblərin və universitet sektorlarının mövcudluğu bu dilin tədris və kommunikasiya vasitəsi kimi yaşamasına şərait yaradır. Digər tərəfdən, ölkədə yaşayan rusdilli icmaların hüquqlarına hörmətlə yanaşılması, onların ana dilində təhsil və ünsiyyət imkanlarının təmin olunması dövlətin çoxmədəniyyətli siyasətinin təzahürüdür”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tolerant və multikultural dəyərlər üzərində qurulmuş dövlətdir: 

“Buna görə də müxtəlif dillərin ölkə daxilində mövcudluğu və istifadəsi milli təhlükəsizlik və sabitlik baxımından müsbət hal kimi qiymətləndirilir. Bununla yanaşı, dövlət dili olan Azərbaycan dilinin mövqelərinin möhkəmləndirilməsi prioritet məsələ olaraq qalmaqdadır.

Müasir texnoloji inkişaf və informasiya axını dilin qarşısında yeni çağırışlar yaradır. Elm və texnikanın sürətli inkişafı nəticəsində yaranan yeni anlayışların, terminlərin Azərbaycan dilinə uyğunlaşdırılması məsələsi aktualdır. Lakin bu sahədə dilçilik institutları və müvafiq qurumların koordinasiyalı fəaliyyəti tələb olunur. Xüsusilə, onlayn izahlı lüğət bazasının yaradılması, terminoloji yeniliklərin sistemləşdirilməsi və ictimaiyyət üçün əlçatan edilməsi dilin müasir tələblərə uyğun inkişafını təmin edə bilər.

Belə bir resursun mövcudluğu həm dilin normativliyinin qorunmasına, həm də gənc nəsillərin ana dilində düzgün və səlis ifadə vərdişlərinin formalaşmasına xidmət edəcəkdir. Prezident İlham Əliyevin dilə və milli kimliyə göstərdiyi həssaslıq, bu istiqamətdə aparılan dövlət siyasəti Azərbaycan dilinin gələcək nəsillər üçün də canlı və dinamik şəkildə yaşamasını təmin edən əsas amillərdəndir”.

Əlaqəli Xəbərlər