Menyu

Millət vəkili: “Prezidentin çıxışı elmin inkişafına verilən yüksək dəyərin göstəricisidir”

Şəfa Hüseynli
Millət vəkili: “Prezidentin çıxışı elmin inkişafına verilən yüksək dəyərin göstəricisidir”

"Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə çox mühüm və strateji məsələlərə toxundu, Azərbaycan elminin inkişafında Akademiyanın böyük rolunu xüsusi olaraq qeyd etdi".

Bu fikirləri Operativ Media-ya Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində Elmlər Akademiyası yeni inkişaf mərhələsinə qədəm qoyub, onun elmi potensialı əhəmiyyətli dərəcədə güclənib:

“Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərinə böyük diqqət göstərib, onların fəaliyyətinin dəstəklənməsi üçün səylərini əsirgəməyib. Cənab Prezident də çıxışında 1993-cü ildə ölkənin imkanlarının məhdud olmasına baxmayaraq Elmlər Akademiyasının fəaliyyətinin davam etdirilməsi və bu sahəyə maliyyə dəstəyinin göstərilməsinin vacibliyini vurğuladı.”

Ceyhun Məmmədov bildirib ki, sonrakı illərdə ölkənin iqtisadi imkanları artdıqca elm sahəsinə ayrılan vəsait də yüksəlib, nəticədə bu sahədə mühüm nailiyyətlər əldə olunub.

“Heydər Əliyevin elm və təhsil sahəsində atdığı ən mühüm addımlardan biri 15 may 2001-ci il tarixli fərmandır. Həmin fərmanla Elmlər Akademiyasına ‘Milli Elmlər Akademiyası’ statusu verilmiş və bu qurumun ölkə elminin inkişafındakı rolu rəsmi şəkildə təsdiqlənmişdi”, – deputat qeyd edib.

O vurğulayıb ki, bu gün Heydər Əliyev siyasəti və onun əsasında formalaşan milli dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət Azərbaycanın gələcək inkişafının əsas təminatıdır.

Deputat əlavə edib ki, Prezident çıxışı zamanı Elmlər Akademiyasında son illərdə həyata keçirilən islahatlara və yeniliklərə də toxunub:

“Cənab Prezident böyük kitabxananın yaradıldığını, Milli Ensiklopediya üçün yeni binanın inşa olunduğunu, elmi-tədqiqat institutlarının əsaslı təmir edildiyini, müasir avadanlıqlarla təchiz olunduğunu, həmçinin Elm Fondunun yaradıldığını və elm haqqında qanunun qəbul olunduğunu xatırlatdı. Bu gün də həmin istiqamətdə işlər davam etdirilir.”

Prezidentin çıxışında intellektual potensialın artırılması, rəqəmsallaşma və kibertəhlükəsizlik sahəsində Azərbaycan alimlərinin rolunun vacibliyi də xüsusi vurğulanıb.

Ceyhun Məmmədov bildirib ki, dövlət başçısı həmçinin Şərqi Zəngəzurda görülən işlərdən, azərbaycanlıların Ermənistana qayıdışı ilə bağlı məsələlərdən danışıb və alimlərin bu istiqamətdə də fəal şəkildə tədqiqat aparmalarının əhəmiyyətini qeyd edib.

Prezidentin toxunduğu mühüm məsələlərdən biri də Göyçə gölü ilə bağlı idi. Dövlət başçısı vurğulayıb ki, “Sevan gölü” ifadəsi tarixi saxtalaşdırmanın nəticəsidir və əslində bu, qədim Azərbaycan torpaqlarında yerləşən Göyçə gölüdür.

Cənab Prezident həmçinin Azərbaycan dilinin saflığının qorunmasının zəruriliyinə diqqət çəkib, alimlərin bu istiqamətdə məsuliyyət daşıdığını bildirib:

“Biz dilimizi qorumalı, onun saflığını təmin etməliyik. Eyni zamanda, gənc nəslin tariximizi dərindən öyrənməsi üçün elmi əsərlərin hazırlanması vacibdir.”

Əlaqəli Xəbərlər