Vəkil: Yaşayış məkanlarında səs-küy istirahət hüququnun pozulması halıdır

“Müasir şəhər həyatında insanların sıx məskunlaşması, çoxmərtəbəli binaların artması və sosial ünsiyyətin intensivləşməsi bir sıra hüquqi və etik problemləri də gündəmə gətirir. Bu problemlərdən biri də qonşular arasında yaranan səs-küy, yəni akustik narahatlıq məsələsidir. İnsanların istirahət hüququ xüsusilə də yaşayış məkanında sakitlik və rahatlıq şəraitində dincəlmək imkanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan əsas hüquqlardan biridir”.
Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
O bildirib ki, səs-küyün normadan artıq olması yalnız mənəvi narahatlıq deyil, həm də psixoloji gərginlik, sağlamlığa mənfi təsir və sosial münasibətlərin pozulması kimi nəticələrə gətirib çıxara bilər:
“Bu səbəbdən də qanunvericilikdə yaşayış məkanlarında səs-küyə dair konkret normalar müəyyən edilmiş, istirahət hüququnun qorunması hüquqi çərçivəyə salınmışdır. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır.
Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 00-dan 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Bu maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır”.