Gəncədə çayın dərəsinə yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
Xəbərlər redaksiyası
Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayının dərəsinə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1964-cü il təvəllüdlü Novruzov Mənsud Vahid oğlu körpünün üzərindən keçərkən ehtiyatsızlıqdan 20m hündürlükdən Gəncə çayının dərəsinə yıxılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çaydan çıxarıb xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.