Menyu

Ağdamda yeni dövr: Bərpa və inkişaf prosesi sürətlə davam edir – Politoloq

Ayşən Sadıxzadə
Ağdamda yeni dövr: Bərpa və inkişaf prosesi sürətlə davam edir – Politoloq

Ağdam şəhəri 1990-cı illərə qədər Azərbaycan Respublikasının əsas sənaye, istehsal və mədəniyyət mərkəzlərindən biri kimi tanınırdı. Şəhərin özünəməxsus aurası, memarlıq görkəmi və sosial-mədəni mühiti onu ölkənin mühüm urbanistik məkanlarından birinə çevirirdi. Ağdam sakinləri də həmişə təşəbbüskar, məqsədyönlü və əməksevər olmaları ilə fərqləniblər.

Bu sözləri Operativ Media-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, Ermənistanın işğalı nəticəsində Ağdama misilsiz zərbələr vurulub. Şəhər faktiki olaraq yer üzündən silindi, yaşayış məntəqələri, dini-mədəni abidələr, təsərrüfatlar və sosial infrastruktur tamamilə məhv edilib:

"Bu cür vandalizm müharibələr tarixində belə nadir rastlanan bir vəhşilik nümunəsi kimi qiymətləndirilir.

Birinci Qarabağ müharibəsində yalnız Ağdamın özündən altı mindən çox yerli sakin şəhid olub ki, bu da ağdamlıların qəhrəmanlığının və Vətənə sədaqətinin göstəricisidir. İkinci Qarabağ müharibəsi zamanı da Ağdam və onun sakinləri ön xəttin əsas dayaqlarından biri oldular. Ermənistan kapitulyasiya aktına imza atmasaydı, Azərbaycan Ağdamı istənilən halda hərbi yolla azad edəcəkdi”.

Tofiq Abbasov qeyd edib ki, bu gün Ağdam yeni inkişaf mərhələsinə qədəm qoyub:

“Şəhərdə genişmiqyaslı bərpa, yenidənqurma və tikinti işləri aparılır. Çünki işğal dövründə demək olar ki, bütün infrastruktur tamamilə dağıdılmışdı və hər şey sıfırdan qurulmalıdır.

Bərpa prosesi innovativ və müasir şəhərsalma standartlarına əsaslanır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur, alternativ enerji mənbələri, yeni texnoloji həllər, ekoloji davamlılıq və müasir idarəetmə mexanizmləri nəzərə alınır. Hazırda müzakirə olunan məsələlərdən biri də Ağdamın gələcəkdə Azərbaycanın yeni sənaye və innovasiya mərkəzlərindən birinə çevrilməsidir.

Hazırda Ağdam sənaye parkları, azad iqtisadi zonalar və xüsusi investisiya layihələri üçün cəlbedici məkana çevrilir. Xarici şirkətlərin bölgəyə marağı artır, onlar üçün əlverişli biznes mühiti yaradılır. Yeni texnologiyaların tətbiqi, yüksək ixtisaslı mühəndis, inşaatçı, konstruktor və texnoloqların fəaliyyət göstərə biləcəyi geniş imkanlar formalaşır.

Artıq bölgədə qaz, su, elektrik və digər mühüm kommunikasiyalar çəkilib. Bu isə tikinti və bərpa proseslərinə yüksək dinamizm verir və layihələrin sürətlə həyata keçirilməsinə şərait yaradır.

Ağdam və digər azad edilmiş şəhərlərin bərpası həm sosial, həm də strateji baxımdan ölkə üçün mühüm əhəmiyyət daşıyır. Bu proses Azərbaycan xalqının yaradıcılıq əzmini, sülhə və inkişaf strategiyasına sadiqliyini nümayiş etdirir. Nəinki dağıdıcı qüvvələrdən fərqli olaraq, Azərbaycan öz şəhərlərini yenidən dirçəldir və gələcəyin modern urban məkanlarını formalaşdırır”.

Əlaqəli Xəbərlər