Azərbaycanda qocalar evində neçə nəfər yaşayır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bu müəssisədə ahıllara stasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır və sosial reabilitasiyası təşkil edilir.
Bu barədə Operativ Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib.
Qeyd olunub ki, ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir:
"Hazırda müəssisədə 234 ahılımız yaşayır və onlar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə əhatə olunurlar.
Müəssisədə təqdim olunan sosial xidmətlər yalnız gündəlik qayğı ilə məhdudlaşmır. Burada sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər görülür, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintilər və s. təşkil olunur. Müəssisədə yaşayanların cəmiyyətdən təcrid olunmalarına gətirib çıxaran halların qarşısının alınması, sosial adaptasiyası və sosial-psixoloji reabilitasiyası həyata keçirilir, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar.
Ahıllarımızın idman yarışları, gimnastika məşğələləri, mədəni tədbirlər, bayram proqramları və yaradıcılıq fəaliyyətlərində də iştirakı təmin edilir. Bu onların həm fiziki aktivliyinin qorunmasına, həm də cəmiyyətlə ünsiyyət imkanlarının genişlənməsinə xidmət edir.
Ahıllarımızın sağlamlığı da hər zaman diqqətdə saxlanılır. Zərurət olduğu halda icbari tibbi sığorta üzrə ambulator şəraitdə təyin edilmiş tibbi müayinə və müalicələrə cəlb olunurlar. Onlara müxtəlif cərrahi tibbi xidmətlər göstərilir, eləcə də ahıllarımız müxtəlif reabilitasiya müəssisələrində reabilitasiya xidmətləri ilə əhatə olunurlar".