Menyu

Qurbanlıq heyvan seçərkən nələrə diqqət edilməlidir?

Ayşən Sadıxzadə
Qurbanlıq heyvan seçərkən nələrə diqqət edilməlidir?

Qurbanlıq kəsərkən ilk növbədə seçim düzgün edilməlidir. Belə deyək, quzu olmamalıdır. Qoça üstünlük verilməlidir. Çünki quzu ətinin həm qida dəyəri daha aşağı olur, həm də dini baxımdan uyğun hesab edilmir. Buna görə də təxminən 25–30 kiloqramlıq qoyunlara üstünlük verilməsi daha məqsədəuyğun sayılır.

Bu sözləri Operativ Media-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib. 

O bildirib ki, digər vacib məsələ heyvanın baytar nəzarətindən keçməsidir. Yəni alınan heyvanların baytar sertifikatı, möhürü və müayinədən keçdiyini təsdiqləyən sənədləri olmalıdır. Bu baxımdan heyvanların Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarətində fəaliyyət göstərən rəsmi kəsim məntəqələrindən alınması tövsiyə olunur. 

Çünki həmin məntəqələrdə sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl edilir. Kəsim yerlərinin yuyulan səthlərə malik olması, qan laxtalarının və çirk qalıqlarının yığılıb qalmaması çox önəmlidir. Bu da ətin çirklənmə riskini minimuma endirir:

“Əgər heyvan ev şəraitində kəsilirsə, bu zaman da sanitar-gigiyenik qaydalara xüsusi diqqət olunmalıdır. Ət məhsulları paylanarkən onların daşınması da düzgün təşkil edilməlidir. Məsələn, uşaq evlərinə, ehtiyacı olan ailələrə və ya digər ünvanlara aparılan ətin maşının baqaj hissəsində daşınması tövsiyə olunmur. Çünki həmin şəraitdə ət havasız qala, həmçinin çirklənməyə məruz qala bilər. Ən yaxşı variant odur ki, ət avtomobilin salon hissəsində, təmiz örtü üzərində daşınsın və səthlərlə birbaşa təmas etməsin.

Qablaşdırma məsələsi də vacibdir. Ət məhsulları təmiz və qidaya uyğun qablaşdırmalarda yerləşdirilməlidir. Bəzən istifadə olunmuş market paketlərindən istifadə edilir ki, bu da gigiyenik baxımdan düzgün deyil və yol verilməz sayılır.

Bundan əlavə, kəsimdən sonra ətin mümkün qədər tez paylanması tövsiyə olunur. Təxminən iki saat ərzində payların ünvanlara çatdırılması daha məqsədəuyğundur. İstər ehtiyacı olan ailələrə, istər uşaq evlərinə, istərsə də digər yardım məntəqələrinə aparılan ət məhsulları gigiyenik qaydalara uyğun şəkildə və operativ şəkildə çatdırılmalıdır”.


Əlaqəli Xəbərlər