Azərbaycanın turizm potensialı Çində silsilə tədbirlər vasitəsilə tanıdılır
Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı və “Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 6 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Çin Xalq Respublikasının Sian, Şanxay və Pekin şəhərlərində silsilə tanıtım tədbirləri keçirilir.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bununla yanaşı, ATB 26-28 may tarixlərində Şanxay şəhərində təşkil olunan “ITB China 2026” beynəlxalq turizm sərgisində AZAL və 10 yerli turizm sənayesi nümayəndəsi ilə birlikdə milli stendlə təmsil olunur.
Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən silsilə tədbirlər və “ITB China 2026” sərgisi B2B görüşlər, şəbəkələşmə və yeni əməkdaşlıq imkanlarının yaradılması, eləcə də Azərbaycanın inkişaf edən işgüzar turizm (MICE) potensialının beynəlxalq turizm peşəkarlarına təqdim olunması baxımından mühüm platforma rolunu oynayır.
“ITB China 2026” sərgisi çərçivəsində aparıcı onlayn səyahət platformalarından biri olan “Trip.com” tərəfindən Azərbaycan “Must-Visit Destination 2026” (“2026-cı ilin mütləq ziyarət edilməli turizm istiqaməti”) mükafatına layiq görülüb. Mükafat Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə təqdim olunub.
Səfər çərçivəsində ATB ilə Çinin aparıcı onlayn səyahət və rezervasiya platformalarından biri olan "Tongcheng Travel" arasında Azərbaycanın Çin bazarında tanıtımının gücləndirilməsi və ölkənin çinli turistlər üçün ilboyu cəlbedici turizm istiqaməti kimi təşviqini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, Çin və Azərbaycan vətəndaşları üçün tətbiq olunan qarşılıqlı vizasız rejim, eləcə də “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “China Southern Airlines” tərəfindən Bakıdan Pekin və Urumçi şəhərlərinə həyata keçirilən birbaşa uçuşlar iki ölkə arasında turizm əlaqələrinin inkişafına şərait yaradır.
2026-cı ilin yanvar-aprel aylarında Çindən Azərbaycana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 % artaraq 14 303 nəfər təşkil edib.