Menyu

Deputat: "Uşaqların rəqəmsal savadlılığının artırılması mühüm əhəmiyyət daşıyır"

Ayşən Sadıxzadə
Deputat: "Uşaqların rəqəmsal savadlılığının artırılması mühüm əhəmiyyət daşıyır"

"Müasir dövr uşaqlara geniş imkanlar yaratdığı kimi, müəyyən riskləri də özü ilə gətirir. Günümüzdə uşaqların qarşılaşdığı əsas təhlükələrdən biri rəqəmsal mühitlə bağlıdır. İnternet və sosial şəbəkələr bilik və məlumat mənbəyi olmaqla yanaşı, zərərli məzmun, kibertəhdidlər, psixoloji təsirlərlə bağlı risklər də yaradır. Buna görə uşaqların rəqəmsal savadlılığının artırılması və onların təhlükəsiz internet istifadəsinin təmin olunması mühüm əhəmiyyət daşıyır".

Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Günay Ağamalı bildirib.

Onun sözlərinə görə, digər mühüm məsələ uşaqların fiziki və psixoloji sağlamlığının qorunmasıdır:

"Ailədaxili problemlər və bəzi hallarda zorakılıq halları uşaqların inkişafına mənfi təsir göstərir. Buna görə sağlam ailə mühiti, keyfiyyətli təhsil və psixoloji dəstək mexanizmləri xüsusi əhəmiyyət kəsb edir.

Ölkəmizdə uşaqların zərərli təsirlərdən, hüquq pozuntularından, istismar və ayrı-seçkilik hallarından qorunması istiqamətində dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir.

Uşaqların hüquqlarının müdafiəsi yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin, ailələrin və təhsil müəssisələrinin birgə məsuliyyətidir.

Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və xüsusi diqqəti ilə ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi istiqamətində mühüm addımlar atılır. Dövlətimizin həyata keçirdiyi sosial proqramlar, təhsil və səhiyyə sahəsində aparılan islahatlar, eləcə də uşaq rifahına yönəlmiş layihələr gələcəyimiz olan uşaqların hərtərəfli inkişafına xidmət edir. Dövlətimizin uşaq siyasətinə göstərdiyi diqqət Azərbaycanın gələcəyinə göstərilən diqqətdir. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balaları təbrik edir, sağlamlıq, təhsillərində yüksəlişlər diləyirəm".

Əlaqəli Xəbərlər