3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 107, 107A, 117 nömrəli şəhərətrafı və Qəbələ–Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Buzovna qəsəbəsini “Koroğlu” NMM-lə əlaqələndirən 107 və Maştağa qəsəbəsini “Koroğlu” NMM-lə əlaqələndirən 107A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə hüquqi şəxs "Çinar-Trans" MMC;
Biləcəri qəsəbəsini “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirən 117 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Bus Service" MMC;
Qəbələ–Gəncə marşrutu üzrə fiziki şəxs Hüseynov Araz İmran oğlu qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.