Azər Badamov: “Azərbaycanın enerji sərvətləri milli maraqlarımızın və təhlükəsizliyimizin təminatıdır”
Enerji təhlükəsizliyi məsələsi son illər dünya dövlətlərinin diqqət mərkəzindədir. Dünyada baş verən müxtəlif hadisələr enerji mövcudluğu, enerji təchizatı və təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Bu narahatlıqlar artmaqda davam edir.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Azər Badamov deyib.
O bildirib ki, sürətli iqtisadi artım enerji təhlükəsizliyi təmin edilmədən mümkün deyil. Odur ki, xarici enerji təchizatından asılılığın artması, Yaxın Şərqdə, Hörmüz boğazı ətrafında siyasi gərginlik, təxribat və terror hücumları, qlobal ticarətin təhlükə altında olması, dəniz yolları üzrə yükaşımalarda əmələ gələn problemlər mövcud məsələni daha da aktual və zəruri edir. Bəzi neft hasil edən ölkələrdə hökumət və özəl sektor arasında neft gəlirlərinin bölüşdürülməsi ilə bağlı razlaşmaların yenidən müzakirə edildiyini də görürük. Bir sıra xam neft və təbii qaz hasil edən bölgələrdə münaqişələr getdikcə dərinləşir. Habelə, mövcud amil üzrə artan ictimai narahatlıqlar da var. Odur ki, ölkələr enerji təhlükəsizliyi riskləri və bu risklərin azaldılması strategiyaları ətrafında ciddi düşünməli, bu istiqamətdə ortaq məxrəcə gəlmək lazımdır:
“Ölkələrin beynəlxalq əlaqələri də bu amildən ciddi şəkildə təsirlənir. Odur ki, məsələyə təktərəfli və bir amil üzərindən baxmaq olmaz, çoxtərəfli əsasda bütün imkanlar üzərində dayanmaq lazımdır. Bakı Enerji Həftəsinin açılışı mərasimində də cənab Prezident İlham Əliyev həm dünya trendlərinə nəzər saldı, həm də Azərbaycanın enerji siyasəti üzrə keçdiyi tarixi yolu bir daha diqqətə çatdırdı.
Şübhəsiz ki, zamanında Ümummilli Lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan enerji strategiyamız uğurla inkişaf etdirilməsə idi, bu gün Azərbaycan 16 ölkəyə qaz satmaq reallığına çata bilməzdi. Bu artıq bizim reallığımızdır. Bu, Azərbaycanın dünya siyasətində artan strateji əhəmiyyətindən də xəbər verir.
Tədbirin Bakıda baş tutmasının özü də strateji addımdır. Çünki məhz belə tədbirlər zamanı enerji layihələri, qlobal əməkdaşlıqlar yenidən nəzərdən keçirilir, ilkin danışıqlar formalaşdırılır. Bu, Azərbaycana olan etimadın da bariz nümunəsidir. Uzunluğu 3500 kilometr olan Cənub Qaz dəhlizi layihəsinin uğurla icra edilməsinin nəticəsidir ki, bu gün Azərbaycan Cənubi Qafqazda aparıcı aktordur. Habelə, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimiz dərinləşdirilir, Azərbaycan qazı Yaxın Şərqə qədər gedib çatır, “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qaradəniz vasitəsilə Rumıniya, Macarıstan və başqa ölkələrlə birləşdirəcək. Paralel olaraq quruda da çəkiləcək elektrik kabeli layihəsi üzrə işlərin davam etməsi Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə böyük əhəmiyyət kəsb edir. Çünki bu, böyük bir coğrafiyanı əhatə edən, fərqli baxışları birləşdirən layihədir. Həmin bu tədbir çərçivəsində cənab Prezident İlham Əliyev Şərq-Qərb dəhlizinin yeni qoluna bir daha toxundu və bildirdi ki, Zəngəzur dəhlizi də inşa ediləcək.
Dövlət başçımızın dünyada gedən tendensiyalarla bağlı ABŞ Prezidenti Donald Trampa təşəkkürünü ifadə etməsi həm ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsir edir, həm də şübhəsiz ki, qlobal çağırışlarla bağlı Azərbaycanın qərarvermə prosesində aparıcı aktor olduğunu bir daha subut edir. Dövlət başçımız bir daha nəzərə çatdırdı ki, resurslara sahib olmaqdan daha çox onu necə və hansı istiqamətdə istifadə etmək daha önəmlidir. Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycanın sərvətləri onun milli təhlükəsizliyinin və milli maraqlarının təmin edilməsi istiqamətində istifadə edilir”.