Sumqayıt Sənaye Parkında “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə dair vörkşop keçirilib
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Dünya İqtisadi Forumu (DİF) tərəfindən Sumqayıt Sənaye Parkının rezidentləri üçün “Sənaye Klasterlərinə Keçid” (“Transitioning Industrial Clusters”) təşəbbüsünə dair vörkşop keçirilib.
Operativ Media xəbər verir ki, tədbir DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü çərçivəsində yaradılmış “NextGen” Sənaye Klasterinin məqsədlərinin müzakirəsi, klaster iştirakçılarının təşəbbüs barədə məlumatlandırılması, eləcə də sənaye müəssisələri arasında dekarbonizasiya, innovasiya və dayanıqlı inkişaf üzrə əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.
Qeyd edək ki, Azərbaycan cari ilin yanvar ayında Davos Forumu çərçivəsində DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub. Bu istiqamətdə 4SİM-in koordinasiyası ilə İZİA, “SOCAR Polymer” və “SOCAR Karbamid” müəssisələrinin əməkdaşlığı əsasında Sumqayıt Sənaye Parkında “NextGen” sənaye klasteri formalaşdırılıb.
DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünün rəhbəri Yurgen Sandstrom və DİF-in ekspertləri tərəfindən “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünün üstünlükləri, qlobal təcrübə və klaster idarəetmə modeli barədə təqdimatlar keçirilib. Tədbir çərçivəsində həmçinin “NextGen” sənaye klasterinin əsas performans göstəriciləri təqdim olunub, klasterin idarəetmə modeli, gələcək inkişaf istiqamətləri və tərəfdaşlıq imkanları müzakirə edilib. Vörkşopda SOCAR-la yanaşı Sumqayıt Sənaye Parkının 10-dan çox rezident müəssisəsinin nümayəndələri iştirak ediblər.
Səfər çərçivəsində DİF nümayəndə heyəti Sumqayıt Sənaye Parkının infrastruktur və istehsal imkanları və eləcə də “SOCAR Karbamid” və “SOCAR Polymer” müəssisələrinin fəaliyyəti ilə tanış olub.
DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü eyni bölgədə yerləşən və dəyər zənciri üzrə əlaqəli müəssisələrin karbonsuzlaşma, rəqəmsal texnologiyaların tətbiqi və dayanıqlı istehsal modeli üzrə koordinasiyalı fəaliyyətini nəzərdə tutur. Təşəbbüsə qoşulmuş 39 klaster qlobal miqyasda 870 milyon ton CO₂ ekvivalentinin azaldılmasına, 808 milyard ABŞ dolları həcmində ÜDM töhfəsinə və 6,6 milyon iş yerinin dəstəklənməsinə imkan yaradır ki, bu da təşəbbüsün strateji əhəmiyyətini göstərir.
Sumqayıt Sənaye Parkında yaradılmış “NextGen” sənaye klasteri Azərbaycanın sənaye transformasiyası, yaşıl iqtisadiyyata keçid və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkı təxminən 640 hektar ərazini əhatə edir və kimya, polimer, metallurgiya, maşınqayırma və tikinti materialları sahələrində fəaliyyət göstərən rezident müəssisələri bir araya gətirir. “SOCAR Polymer” və “SOCAR Karbamid” parkın əsas rezidentləri sırasında yer alır. Bu günədək parka 5,7 milyard manata yaxın investisiya yatırılıb və parkda 6 000-dən artıq iş yeri yaradılıb.