Menyu

Ölkədən çıxışa hansı hallarda "stop" qoyula bilər? - Vəkil danışır

Ayşən Sadıxzadə
Ölkədən çıxışa hansı hallarda "stop" qoyula bilər? - Vəkil danışır

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə əsasən, vətəndaşın ölkədən çıxış hüququ bir qayda olaraq məhdudlaşdırıla bilməz. Bu hüquqdan məhrum etmək qadağandır. Lakin qanun müəyyən hallarda müvəqqəti məhdudiyyətə yol verir.

Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib. 

O bildirib ki, şəxs Cinayət-Prosessual Məcəlləyə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə azad olunana, qətimkan tədbirinin müddəti bitənə və ya ləğv edilənə qədər ölkəni tərk edə bilməz. Məhkum edildikdə isə əsas cəzasını çəkib qurtarana və ya cəzadan azad edilənə qədər məhdudiyyət davam edir. Bundan əlavə, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslər də həmin tədbirlər ləğv olunana qədər ölkədən çıxa bilməzlər:

“Şərti məhkumetmə və ya cəzadan şərti vaxtından əvvəl azadolma hallarında isə məhdudiyyət sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək, yaxud şərti məhkumetmə tamamilə ləğv edilənədək saxlanılır. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındığı hallarda da analoji qaydalar tətbiq edilir.

Müddətli həqiqi hərbi xidmətə çağırılmış şəxs xidmətini başa vurana və ya qanuni qaydada ondan azad edilənə qədər ölkəni tərk edə bilməz. Hərbi xidmətə və ya səfərbərliyə çağırışdan boyun qaçıranlar isə həmin çağırış üzrə qərar qəbul edilənə qədər məhdudiyyət altında qalır.

Məhkəmə qərarları, əmrləri və ya vergi orqanlarının inzibati aktları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirilmədikdə məhkəmə ölkədən çıxışı məhdudlaşdıran qərar qəbul edə bilər. Eyni qaydada, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta üzrə borclar, faizlər və maliyyə sanksiyaları ödənilmədikdə də məhkəmənin müvafiq qərarı ilə məhdudiyyət tətbiq edilə bilər. Hər iki halda məhdudiyyət götürülməsi barədə qərar qəbul edilənə qədər davam edir.

Beynəlxalq tibbi-sanitariya qaydalarına görə profilaktik peyvənd tələb olunan ölkələrə gedərkən həmin peyvəndlər edilənə qədər çıxışa icazə verilmir. Dövlət sirrinə buraxılmış şəxslərin isə xarici ölkəyə daimi yaşamağa getmək hüququ məxfilik müddəti bitənə qədər, lakin 5 ildən çox olmamaq şərti ilə məhdudlaşdırıla bilər.

Xülasə olaraq, ölkədən çıxışa məhdudiyyət yalnız qanunda birbaşa nəzərdə tutulmuş bu hallarda və yalnız müvəqqəti xarakter daşıyaraq tətbiq edilə bilər. Məhdudiyyətin hüquqi əsası aradan qalxdıqda isə məlumatlar müvafiq avtomatlaşdırılmış sistemdən dərhal çıxarılmalıdır”.

Əlaqəli Xəbərlər