Menyu

Valideynlərin ən böyük səhvlərindən biri: Ağlayan uşağa telefon vermək

Ayşən Sadıxzadə
Valideynlərin ən böyük səhvlərindən biri: Ağlayan uşağa telefon vermək

Bəzi valideynlər uşaqların ağlaması, darıxması və ya emosional çətinlik yaşaması zamanı onları sakitləşdirməyin ən asan yolu kimi telefon, planşet və ya digər elektron cihazlara müraciət edirlər. İlk baxışdan bu üsul problemi həll edirmiş kimi görünsə də, əslində gələcəkdə asılılığın formalaşmasına zəmin yarada bilər.

Bu sözləri Operativ Media-ya psixoloq Aytən Ələkbərova deyib. 

O bildirib ki, uşaq hər dəfə narahatlıq keçirdikdə eyni üsula əl atılırsa, zamanla bu davranış vərdişə çevrilir. İki-üç gün təkrarlanan bu proses sonradan valideyn üçün idarə edilməsi daha çətin olan bir problemə çevrilə bilər:

“Bir çox hallarda valideynlər övladlarının psixoloji vəziyyətini kifayət qədər tanımırlar. Bunun əsas səbəblərindən biri də insanın bəzən öz emosiyalarını və davranışlarının səbəblərini tam anlamamasıdır. İnsan öz hisslərini tanımaqda çətinlik çəkirsə, övladının yaşadığı emosional vəziyyəti də düzgün qiymətləndirməsi çətin olur.

Belə hallarda ən faydalı yanaşma uşağı dinləməkdir. Valideyn əvvəlcə onun niyə ağladığını, nə hiss etdiyini və hansı ehtiyacının qarşılanmadığını anlamağa çalışmalıdır. Daha sonra açıq havada gəzinti, birlikdə kitab oxumaq, şəkil çəkmək və ya müxtəlif oyunlar oynamaq kimi alternativ fəaliyyətlər təklif edilə bilər.

Elektron cihazlardan qısa müddətlik və nadir hallarda istifadə müəyyən kömək göstərə bilər. Lakin bu üsul davamlı xarakter aldıqda, valideyn özü də fərqinə varmadan asılılığın ilkin təməlini qoymuş olur. Bu isə sonrakı illərdə həm psixoloji, həm də davranış problemlərinə səbəb ola bilər.

Nəticədə uşaqda belə bir düşüncə formalaşır ki, hər narahatlıq və ya istək zamanı müəyyən vasitələrdən istifadə etməklə istədiyinə nail olmaq mümkündür. Bəzən valideynlər öz davranışları ilə bu vərdişləri fərqində olmadan möhkəmləndirirlər. Bunun nəticələri isə uşağın yeniyetməlik və gənclik dövründə daha qabarıq şəkildə üzə çıxa bilər”.


Əlaqəli Xəbərlər