Xankəndidə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub
İşğaldan azad edilmiş Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimat mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Loğman Məmmədov AZƏRTAC-ın Uşaq Bilik Portalının məktəblilərin daha çox məlumat əldə etməsində və onların araşdırma vərdişlərinin formalaşmasında mühüm rol oynadığı qeyd edib. Vurğulayıb ki, portal uşaqların etibarlı informasiya mənbələrinə çıxışını təmin etməklə yanaşı, onların elmə, ədəbiyyata və tarixə marağını da artırır.
AZƏRTAC-ın Uşaq Bilik Portalının bölmə müdiri İradə İsayeva bu resursun 2013-cü ildən fəaliyyət göstərdiyini bildirərək, onun rəqəmsal dövrdəki önəmini qeyd edib. Diqqətə çatdırılıb ki, texnologiyaların sürətli inkişafı fonunda uşaqların internetdə keçirdiyi vaxtın faydalı və təhlükəsiz təşkili valideynlər üçün çox önəmlidir. Portalın məhz bu tələblərə cavab olaraq qurulduğunu deyən bölmə müdiri vurğulayıb ki, platformadakı materiallar azyaşlıların həm əylənməsinə, həm də asudə vaxtlarını səmərəli keçirərək maariflənmələrinə geniş imkanlar yaradır.
Portalda cizgi filmlərinin, nağılların, ensiklopedik məlumatların, tapmacaların və digər maraqlı materialların yer aldığını diqqətə çatdıran bölmə müdiri deyib: “Uşaqların yaradıcılığını əks etdirən xüsusi rubrikada isə onların çəkdikləri rəsmlər, yazdıqları şeirlər və müxtəlif bacarıqları haqqında materiallar yayımlanır. Portalda Azərbaycanın dövlət atributları, işğaldan azad edilmiş rayon və şəhərlər, milli musiqi, kino, incəsənət və digər sahələr barədə geniş məlumatlar təqdim olunur. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Instagram” və “Facebook” sosial şəbəkələrində də izləmək mümkündür”.
Sonra AZƏRTAC-ın Uşaq Bilik Portalı haqqında videoçarx izlənilib. Şagirdlərə portalın bölmələri, uşaqlar üçün hazırlanan interaktiv xəbərlər və virtual ensiklopedik materiallar barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.
Məktəblilərdən Fatimə Əsgərova və Elşad İbrahimli AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətlərində Uşaq Bilik Portalının onlar üçün əvəzsiz bir rəqəmsal platforma olduğunu vurğulayıblar. Şagirdlərin sözlərinə görə, saytdakı elmi və bədii materialların vizual tərtibatı olduqca cəlbedicidir və bu, mütaliə prosesini daha da maraqlı edir. Xalq nağıllarını elektron formatda oxumaqdan zövq aldıqlarını deyən şagirdlər bu faydalı platforma haqqında məlumatları dostları ilə də bölüşəcəklərini söyləyiblər.
Sonda məktəb kollektivinə və şagirdlərə AZƏRTAC-ın xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin binası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində əsaslı təmir olunub. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da məktəb binasının açılışında iştirak edib.