Menyu

Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib

Operativ Media
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib

İyunun 16-da Lənkəran-Astara iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və fermerlər iştirak edib. 

Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahədə həyata keçirilən sistemli islahatlar nəticəsində mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. Qeyd edib ki, aqrar sahəyə dövlət dəstəyinin artırılması, müasir suvarma sistemlərinin tətbiqi, aqroparkların yaradılması və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrin istehsal və ixrac potensialı artıb, bir sıra məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksəlib, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunub. O, həmçinin vurğulayıb ki, qəbul edilmiş Dövlət Proqramı aqrar sektorun yeni inkişaf mərhələsini müəyyən edən strateji sənəd olmaqla məhsuldarlığın artırılmasına, rəqabətqabiliyyətli və ixracyönümlü istehsal modelinə keçidin sürətləndirilməsinə xidmət edir.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramının aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcəyini, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd edib. Dövlət Proqramı çərçivəsində buğda istehsalında məhsuldarlığın hədəf rayonlarda 50 sentnerə, Lənkəran-Astara iqtisadi rayonunun da daxil olduğu 31 dəmyə rayonunda 30 sentnerə çatdırılması, 22 rayon üzrə kombayn parkının 571 yeni kombaynla yenilənməsi, 84,9 min hektar sahədə lazer hamarlama texnologiyasının tətbiqi və intensiv bağçılığın genişləndirilməsi nəzərdə tutulur. O, həmçinin bildirib ki, Dövlət Proqramı çərçivəsində 150 min ton əlavə taxıl silosu və 100 min ton yeni soyuducu anbar tutumunun yaradılması nəzərdə tutulur. Bu məqsədlə müvafiq avadanlıqların dəyərinin 40 faizinin dövlət güzəştləri, 40-50 faizinin isə kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi vasitəsilə dəstəklənməsi planlaşdırılır. Nazir müavini əlavə edib ki, bu istiqamət xüsusilə Lənkəran-Astara iqtisadi rayonu üçün mühüm əhəmiyyət daşıyır. Regionun zəngin meyvəçilik və subtropik məhsul istehsalı potensialı, o cümlədən ölkədə sitrus meyvəçiliyinin əsas mərkəzi olması saxlama, soyutma, çeşidləmə, qablaşdırma və emal infrastrukturunun daha da genişləndirilməsini zəruri edir ki, bu da məhsulların əlavə dəyərinin artırılmasına və ixrac imkanlarının genişlənməsinə xidmət edəcəkdir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Dövlət Proqramında müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 130 min hektardan 300 min hektara çatdırılmasının və sudan faydalı istifadə göstəricisinin 45 faizdən 95 faizə yüksəldilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. Qeyd edib ki, Lənkəran-Astara iqtisadi rayonunda su təminatının yaxşılaşdırılması məqsədilə Viləşçay su anbarının genişləndirilməsi, yeni su anbarlarının tikintisi və mövcud suvarma infrastrukturunun yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilir. Bildirib ki, 2025-ci ildə region üzrə 35,7 min hektar əkin sahəsinin suvarılması təmin edilib, o cümlədən 13,4 min hektar dənli bitki, 9 min hektar bostan-tərəvəz, 5,3 min hektar çoxillik əkmələr suvarma suyu ilə təmin olunub. O vurğulayıb ki, müasir suvarma texnologiyalarının tətbiqi, su ehtiyatlarının səmərəli idarə olunması və meliorasiya layihələrinin icrası regionun aqrar potensialının inkişafına, məhsuldarlığın artırılmasına və su itkilərinin minimuma endirilməsinə mühüm töhfə verəcəkdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi xüsusi diqqət və bu istiqamətdə qəbul olunmuş dövlət proqramları nəticəsində rayonda çəltikçilik, çayçılıq, sitrusçuluq və digər ənənəvi kənd təsərrüfatı sahələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə çəltik əkin sahələri və məhsul istehsalı əhəmiyyətli dərəcədə artıb, yeni emal müəssisələri yaradılmış, çay plantasiyaları və intensiv sitrus bağları genişləndirilib, çiyələkçilik sahəsində yüksək nəticələr əldə olunub. O, həmçinin rayonun aqrar və aqro-emal potensialına diqqət çəkərək, məhsulların ixrac həcminin artdığını, soyuducu anbar infrastrukturunun inkişaf etdirildiyini, kənd təsərrüfatında məşğulluğun genişləndirildiyini bildirib. Su təminatının yaxşılaşdırılması məqsədilə yeni su anbarının tikintisi, torpaqların konsolidasiyası, aqrar kooperativlərin təşviqi, aqrar sığorta mexanizmlərinin təkmilləşdirilməsi və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflərini də səsləndirən rayon rəhbəri müəyyən edilmiş hədəflərin həyata keçirilməsində dövlət, sahibkar və fermer əməkdaşlığının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Müşavirədə çıxış edən fermerlər və sahibkarlar rəhbərlik etdikləri təsərrüfatlarda görülən işlər, əldə olunan nəticələr və gələcək inkişaf planları barədə məlumat veriblər. Onlar kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirərək, qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulan yeni dəstək mexanizmlərinin istehsalın artırılmasına, təsərrüfatların genişləndirilməsinə və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verəcəyini qeyd ediblər. Çıxış edənlər həmçinin regionun aqrar potensialının daha səmərəli reallaşdırılması istiqamətində Dövlət Proqramında müəyyən edilmiş hədəflərin icrasına fəal şəkildə qoşulacaqlarını və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün səylərini davam etdirəcəklərini bildiriblər.

Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. O, Dövlət Proqramında müəyyən edilmiş hədəflərin yüksək məhsuldarlığa, səmərəliliyə və əlavə dəyərə əsaslanan aqrar inkişaf modelinin formalaşdırılmasına xidmət etdiyini bildirib. Bildirib ki, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, məhsuldarlığın artırılması, emal və saxlama infrastrukturunun inkişafı, heyvandarlıq və akvakultura sahələrinin genişləndirilməsi kimi vəzifələrin icrası mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş fəaliyyəti, eləcə də sahibkar və fermerlərin fəal iştirakı ilə mümkün olacaqdır. 

O, qeyd edib ki, Dövlət Proqramının icrası Lənkəran-Astara iqtisadi rayonunda çayçılıq, çəltikçilik, sitrusçuluq, tərəvəzçilik və digər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına, məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artırılmasına, məşğulluğun genişlənməsinə, habelə regionun mövcud aqrar potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər