Mehriban Əliyeva: Məqsədimiz Azərbaycanı süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir
İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.
Operativ Media xəbər verir ki, iclasda çıxış edən Mehriban Əliyeva bildirib ki, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amillərindən biridir.
Onun sözlərinə görə, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu getdikcə artır və bu sahə artıq strateji əhəmiyyət daşıyır.
Birinci vitse-prezident qeyd edib ki, dünyanın aparıcı ölkələrində süni intellekt texnologiyalarının inkişafı gözləniləndən daha sürətlə gedir. Bu proses yeni imkanlarla yanaşı, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahələrində yeni risklər də yaradır.
Mehriban Əliyeva vurğulayıb ki, bu çağırışlara cavab vermək üçün bütün dövlət qurumlarının koordinasiyalı və səmərəli fəaliyyəti vacibdir.
O bildirib ki, Azərbaycanın məqsədi ölkəni rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir.
Bunun üçün beynəlxalq təcrübənin öyrənilməsinin və uğurlu modellərdən istifadə edilməsinin əhəmiyyətini qeyd edən Birinci vitse-prezident əlavə edib ki, qəbul edilən bütün qərarlar Azərbaycanın milli maraqları və ehtiyacları əsasında formalaşdırılmalıdır.