AAYDA: Bakıda iki istiqamətdə yol təmiri işləri aparılacaq
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanma işləri aparılacaq.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Hüseyn Cavid prospekti (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) 30 iyun saat 10:00-dan 03 iyul saat 07:00-dək yolun frezlənməsi və yeni asfalt örtüyünün döşənməsi işləri həyata keçiriləcək.
Eyni zamanda, Ayna Sultanova küçəsi (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) 01 iyul saat 08:00-dan 06 iyul saat 08:00-dək yolun asfalt örtüyünün yenilənməsi işləri aparılacaq.
"Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə həmin ərazilərdə hərəkətin qismən məhdudlaşdırılacağını nəzərə alsınlar, mümkün olduqda alternativ marşrutlardan istifadə etsinlər və müvəqqəti yol nişanlarının və hərəkətin tənzimlənməsini həyata keçirən əməkdaşların göstərişlərinə əməl etsinlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə sürücülərdən və sakinlərdən anlayış göstərmələri xahiş olunur", - məlumatda qeyd edilib.