Menyu

Müstəqilliyimizin, asayişin və hüququn keşiyində: Azərbaycan polisi

Xəbərlər redaksiyası
Müstəqilliyimizin, asayişin və hüququn keşiyində: Azərbaycan polisi

Müasir dünyada hər bir dövlətin gücü, dayanıqlılığı və inkişaf tempini şərtləndirən ən mühüm amillərdən biri daxili sabitliyin təmin olunmasıdır. Sabitlik və ictimai asayiş isə həm hüquqi dövlətin fundamenti, həm də vətəndaş məmnunluğunun əsas təminatçısıdır. Bu kontekstdə, Azərbaycan Respublikasının daxili işlər orqanları müstəqilliyimizin, dövlət maraqlarımızın və vətəndaşlarımızın hüquqlarının qorunmasında strateji bir sipər rolunu oynayır. 2 iyul – Azərbaycan Polisi Günü təkcə bir peşə bayramı deyil, həm də xalqa və dövlətçiliyə fədakar xidmətin rəmzi günüdür.

Hər bir cəmiyyətin iqtisadi, mədəni və sosial inkişafı üçün təhlükəsiz mühit hava və su kimi zəruridir. Azərbaycan polisi hər gün küçələrimizdə, parklarımızda, ictimai məkanlarda asayişi təmin etməklə ölkəmizin dünyanın en təhlükəsiz dövlətlərindən birinə çevrilməsində birbaşa pay sahibidir. Turizmin inkişafı, irimiqyaslı beynəlxalq tədbirlərin Bakıda və regionlarımızda tam təhlükəsiz şəraitdə keçirilməsi məhz daxili işlər orqanlarının peşəkar fəaliyyətinin real nəticəsidir.

Polis-vətəndaş münasibətlərinin müasir dövrün tələblərinə uyğun olaraq "vətəndaş məmnunluğu" prinsipi üzərində qurulması, daxili sabitliyi sosial platformada da möhkəmləndirir. Bu gün Azərbaycan vətəndaşı bilir ki, onun hüququ, əmlakı və şəxsi təhlükəsizliyi qanunun gücü və polisin operativliyi ilə etibarlı şəkildə qorunur.

Cinayətkarlığa, xüsusən də onun transmilli mütəşəkkil formalarına qarşı mübarizə birbaşa dövlətin milli təhlükəsizlik və iqtisadi maraqlarının müdafiəsinə xidmət edir. Azərbaycan Polisi son illərdə kibercinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və insan alveri kimi qlobal təhdidlərə qarşı mübarizədə yüksək texnoloji və peşəkar hazırlıq nümayiş etdirir.

Xüsusilə gənc nəslin gələcəyini təhdid edən narkomaniyaya qarşı daxili işlər orqanlarının apardığı genişmiqyaslı və kompromissiz mübarizə cəmiyyətin genofondunun qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Cinayətlərin qarşısının vaxtında alınması və törədilmiş hadisələrin isti izlərlə açılması göstəricilərinə görə Azərbaycanın polis orqanları regional və beynəlxalq miqyasda qabaqcıl mövqelərdə qərarlaşır.

Azərbaycan Polisinin fəaliyyəti təkcə gündəlik asayişin qorunması ilə məhdudlaşmır; o, həm də dövlətçilik tariximizin ən kritik dönəmlərində ön cəbhədə olmuşdur. 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Məmmədovun sözlərinə görə, Azərbaycan polisinin ictimai reputasiyası vətəndaşlarımızın gözündə kifayət qədər yüksəkdir:

"Çünki Azərbaycan polisi fədakarlıqla çalışır, ictimai təhlükəsizliyi təmin edir, gərgin iş rejimində fəaliyyət göstərir və cinayətlərin qarşısının alınması istiqamətində mühüm işlər görür. Vətəndaşlar da bunun fərqindədir və polisin üzərinə düşən məsuliyyətin nə qədər ağır olduğunu yaxşı anlayırlar.

Əlbəttə, ayrı-ayrı hallarda müəyyən narazılıqlar da yarana bilər. Lakin belə hallar fərdi qaydada qiymətləndirilməlidir və bütövlükdə polis orqanlarının fəaliyyətinə ümumi qiymət kimi qəbul edilməməlidir. Ümumilikdə Azərbaycan polisi vətəndaşın təhlükəsizliyinin keşiyində dayanır, onun hüquq və mənafelərinin qorunması üçün çalışır. Xüsusilə son dövrlərdə polisin fəaliyyəti cəmiyyətdə ciddi ictimai məmnunluq yaradır.

Bu gün Azərbaycan cəmiyyətini narahat edən əsas məsələlərdən biri də gənclərin müxtəlif zərərli təsirlərdən qorunmasıdır. Hamımız bilirik ki, Azərbaycan gəncliyini narkomaniyaya cəlb etmək cəhdləri var və bu istiqamətdə müxtəlif təhlükələrlə üz-üzəyik. Demək olar ki, hər gün hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyatlar barədə məlumatlar yayımlanır. Polis əməkdaşları bu cinayətkarlıqla mübarizədə böyük fədakarlıq göstərir, bəzən hətta öz həyatlarını riskə atırlar. Bu, onların peşəkarlığının və dövlətə, xalqa xidmət məsuliyyətinin göstəricisidir.

Hüquqi maarifləndirməyə gəlincə isə, bu məsələ hər zaman aktual olaraq qalır. Cəmiyyətin hüquqi biliklərinin artırılması üçün media, dövlət qurumları və ictimai institutlar bu istiqamətdə maarifləndirmə işlərini davam etdirməlidirlər. Əsas məqsəd insanlara obyektiv məlumat çatdırmaq, hüquq və vəzifələr barədə düzgün təsəvvür formalaşdırmaqdır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Vüqar Rəhimzadə isə bildirib ki, bir əsrdən artıq tarixə malik olan bu hüquq-mühafizə institutu fəaliyyət göstərdiyi müddətdə dövlətçiliyin möhkəmləndirilməsi, ictimai asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm xidmətlər göstərərək şərəfli inkişaf yolu keçib:

"Azərbaycan polisinin tarixində qəhrəmanlıq səhifələri xüsusi yer tutur. Birinci Qarabağ müharibəsi illərində polis əməkdaşları ön cəbhədə döyüşərək Vətənin müdafiəsində misilsiz fədakarlıq nümayiş etdiriblər. Həmin dövrdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər yaralanıb.

Döyüşlərdə göstərdikləri igidliyə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 1143 nəfər isə müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanın tarixinə şanlı Zəfər salnaməsi kimi yazılan 44 günlük Vətən müharibəsində də Daxili Qoşunların şəxsi heyəti yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirib. Döyüşlər zamanı Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb. İşğaldan azad edilmiş torpaqlar uğrunda göstərdikləri şücaətə görə Daxili Qoşunların 1690 əməkdaşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara layiq görülüb, onlardan 4 nəfərə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilib.

Bu gün Azərbaycan polisi peşəkar kadr potensialına, vahid mərkəzləşdirilmiş idarəetmə sisteminə və müasir fəaliyyət prinsiplərinə malik hüquq-mühafizə orqanı kimi ölkədə ictimai təhlükəsizliyin etibarlı təminatçılarından biridir. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində daxili işlər orqanlarında həyata keçirilən ardıcıl islahatlar və texniki modernləşmə cinayətkarlığa, o cümlədən transmilli mütəşəkkil cinayətkarlığa qarşı daha effektiv mübarizə aparmağa, eyni zamanda, vətəndaşların qanunla qorunan hüquq və mənafelərini daha etibarlı şəkildə müdafiə etməyə geniş imkanlar yaradıb. Daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi və idarəetmə sisteminin təkmilləşdirilməsi xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Hazırda ölkədə ictimai asayişin qorunması, təhlükəsizliyin təmin olunması və hüquq pozuntularının qarşısının operativ şəkildə alınması istiqamətində polis əməkdaşları üzərlərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirirlər. Onlar dövlətin, cəmiyyətin və vətəndaşların qanuni mənafelərinin qorunmasına xidmət edərək sabitliyin möhkəmləndirilməsinə öz töhfələrini verirlər.

Son illərdə polis-vətəndaş münasibətlərinin inkişafı istiqamətində mühüm yeniliklər həyata keçirilib. Xidmətlərin rəqəmsallaşdırılması, ən müasir texnologiyaların tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, "qaynar xətt"lərin, informasiya resurslarının və rəsmi internet platformalarının yaradılması vətəndaşlarla ünsiyyətin daha çevik və səmərəli təşkilinə şərait yaradıb. Bununla yanaşı, polisin "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərməsi vətəndaş məmnunluğunu artıran mühüm addımlardan biri kimi qiymətləndirilir.

Müasir demokratik cəmiyyətlərdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əsas göstəricilərindən biri də insan hüquq və azadlıqlarına hörmət, şəffaflıq və ictimai etimaddır. Bu baxımdan son illərdə həyata keçirilən islahatlar polis-vətəndaş münasibətlərində qarşılıqlı inamın möhkəmlənməsinə xidmət edir. Daxili İşlər Nazirliyinin media ilə operativ əməkdaşlığı, vətəndaş müraciətlərinə həssas yanaşması, sosial şəbəkələrdə qaldırılan məsələlərə çevik və obyektiv münasibət bildirməsi cəmiyyətlə etibarlı dialoqun inkişafına mühüm töhfə verir. Müasir dövrdə polis əməkdaşlarının üzərinə düşən vəzifələr yalnız ictimai təhlükəsizliyin qorunması ilə məhdudlaşmır. Onlar, eyni zamanda, insan hüquq və azadlıqlarının təmin olunması, qanunun aliliyinin qorunması və vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi kimi mühüm missiyanı da yerinə yetirirlər. Bu istiqamətdə həyata keçirilən institusional yeniliklər, peşə hazırlığının daim təkmilləşdirilməsi və innovativ idarəetmə üsullarının tətbiqi hüquq-mühafizə sisteminin daha da inkişaf etməsinə şərait yaradır. Azərbaycan Polisi ötən 108 il ərzində dövlətçiliyə sədaqəti, Vətən qarşısında fədakarlığı və xalqa xidmət prinsiplərinə sadiqliyi ilə özünü təsdiq edib. Bu gün də daxili işlər orqanları ictimai təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının etibarlı təmin olunması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Polis və vətəndaş arasında qarşılıqlı hörmətə, etimada və əməkdaşlığa əsaslanan münasibətlər hüquqi dövlət quruculuğunun mühüm dayaqlarından biri olmaqla, ölkənin sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsində mühüm rol oynayır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər