“Yüksəliş” müsabiqəsinin ekspert heyəti üçün təlimlərə start verilib
İyulun 1-dən etibarən “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən ekspert heyətinin iştirakı ilə təlimlərə start verilib.
Operativ Media xəbər verir ki, təlimlərin əsas məqsədi yarımfinal mərhələsi öncəsi qiymətləndirmə prosesinin daha səmərəli və şəffaf şəkildə təşkili, iştirakçıların səriştələrinin obyektiv şəkildə dəyərləndirilməsini təmin etməkdir.
Təlimin ilk günündə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edib. O, qiymətləndirmə prosesində iştirak edəcək ekspertlərə uğurlar arzulayaraq onların üzərinə düşən məsuliyyətli və həlledici rolu vurğulayıb. Bildirilib ki, ekspertlərin obyektiv və peşəkar yanaşması müsabiqənin növbəti qaliblərinin müəyyənləşdirilməsində əhəmiyyətli amil olacaq.
Təlimlər 3 gün davam edəcək və 100-ə yaxın ekspertin iştirakı ilə keçiriləcək. Təlim prosesi yarımfinal və final mərhələlərinin formatına uyğun şəkildə təşkil olunub. Ekspertlər real imtahan mühitinə yaxın simulyasiya olunmuş situasiyalar üzərindən iştirakçıların bacarıqlarını qiymətləndirəcək, eyni zamanda, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə ətraflı məlumatlandırılacaqlar.
Xatırladaq ki, 16 fevral-5 mart tarixlərində VI “Yüksəliş” müsabiqəsi üzrə ekspert qeydiyyatı aparıldı. Qeydiyyatdan keçən 464 nəfər namizəd CV skrininq, verbal təhlil, videotest və müsahibə olmaqla 3 mərhələ üzrə qiymətləndirildi. Nəticədə yarımfinal mərhələlərində iştirak etmək üçün 96 ekspert seçildi.
Ekspert heyətinə psixoloji qiymətləndirmə sahəsində təcrübəli mütəxəssislər, dövlət qurumları və özəl sektorun insan resursları üzrə peşəkar nümayəndələri daxildir.
Yarımfinal mərhələsində iştirakçıların aşağıdakı 9 əsas səriştə üzrə qiymətləndirilməsi nəzərdə tutulur:
- Strateji düşüncə;
- Effektiv liderlik;
- Qərarvermə;
- Nəticəyönümlülük;
- İşin effektivliyinin idarə edilməsi;
- Adaptivlik;
- İnnovativ düşüncə;
- Komanda işi və əməkdaşlıq;
- Etika və dürüstlük.
Qeyd edək ki, altıncı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi 3-5 iyul tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Müsabiqənin əvvəlki mərhələlərini uğurla başa vuran 331 nəfər namizəd yarımfinalda iştirak etmək hüququ qazanıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.