Menyu

Azərbaycan–Aİ münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və regional liderlik - TƏHLİL

Ayşən Sadıxzadə
Azərbaycan–Aİ münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və regional liderlik - TƏHLİL

Beynəlxalq münasibətlər sistemində iqtisadi və siyasi tərəfdaşlıqlar dövlətlərin xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Xüsusilə enerji təhlükəsizliyi, ticarət, nəqliyyat və investisiya sahələrində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq həm regional, həm də qlobal iqtisadi sabitliyə mühüm təsir göstərir. Bu baxımdan Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər son illərdə keyfiyyətcə yeni və strateji inkişaf mərhələsinə qədəm qoymuşdur.

Mövzu ilə bağlı Operativ Media-ya danışan deputat Pərvanə Vəliyeva bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər müsbət və strateji istiqamətdə inkişaf edir:


"Hər iki tərəfin liderləri siyasi dialoqun və praktiki əməkdaşlığın təhlükəsizlik, energetika, nəqliyyat və regional bağlantı sahələrində dərinləşdirilməsində maraqlıdırlar. İttifaqın vitse-prezidenti xanım Kaya Kallasın ölkəmizə səfəri zamanı rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın da vacibliyi ifadə olunmuşdur".

Deputat regional layihələrin və hüquqi bazanın yenilənməsinin detallarınada  toxunub:

"Azərbaycan Orta Dəhliz vasitəsilə regional nəqliyyat marşrutlarında mühüm rol oynayır. 2026-cı ilin yanvarında əldə olunmuş razılığa əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi ilə Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırması hazırlanır. 2025-2026-cı illərdə dialoq xeyli güclənib. Prezident İlham Əliyev Tiranada və Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammitlərində iştirak edib. Azərbaycanın 2028-ci ildə 12-ci Avropa Siyasi Birliyi Sammitinə ev sahibliyi edəcək ölkə seçilməsi onun regionda artan rolunun göstəricisidir.

2026-cı ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana ilk rəsmi səfəri əlaqələrə yeni təkan verib. İnsanlar arasında əlaqələrin genişləndirilməsi, minalardan təmizləmə, yaşıl nəqliyyat, su ehtiyatlarının idarə olunması və rəqəmsallaşma sahələrini dəstəkləmək məqsədilə 13,5 milyon avro həcmində maliyyə paketi ayrılmışdır. Yenilənmiş Tərəfdaşlıq Prioritetləri üzrə danışıqların 2026-cı ildə yekunlaşdırılması və ilin sonlarında Azərbaycan–Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasının keçirilməsi gözlənilir".

Pərvanə Vəliyeva onu da vurğulayıb ki, İttifaq strukturları arasında xarici siyasətdə vahid mövqenin olmaması təəssüf doğurur: "Avropa Parlamenti cəmi 5 il ərzində Azərbaycan əleyhinə ədalətsiz və qərəzli 14 qətnamə qəbul edib. Dövlət başçımız bu ilin may ayında Ermənistanda keçirilən sammitə onlayn formatda qoşularaq bu siyasi riyakarlığı tənqid edib. Avropa Sülh Fondu vasitəsilə Ermənistanın silahlandırılması və Avropa İttifaqı mülki missiyasının sərhəddə qalması sual doğurur. Bu məsələlər 20 may tarixində Bakıda keçirilən təhlükəsizlik dialqunda qarşı tərəfin diqqətinə çatdırılıb".

Millət vəkili Rizvan Nəbiyevin sözlərinə görə, tərəflər arasında ticarət, nəqliyyat və regional bağlantılar istiqamətində əməkdaşlığın paralel inkişafı qarşılıqlı strateji maraqlara xidmət edir:

"Azərbaycan hazırda İttifaqın boru kəməri qaz təchizatında təxminən 8 faiz, ümumi qaz idxalında isə 4 faiz paya malikdir. Xüsusilə İtaliyanın qaz tələbatının təxminən 25 faizi, neft idxalının isə 40 faizdən çoxu, həmçinin Balkan və Şərqi Avropa ölkələrinin qaz təminatının təxminən 30 faizi Azərbaycan tərəfindən qarşılanır.

Ölkənin təsdiqlənmiş 2,6 trilyon kubmetr qaz ehtiyatı (Şahdəniz-3, Abşeron, Ümid, ACG dərin layları) hasilatı artırmağa imkan verir. Lakin ixracın 20 milyard kubmetrə çatdırılması üçün infrastruktur investisiyalarında və siyasi risklərin bölüşdürülməsində Avropa İttifaqının daha fəal mövqe nümayiş etdirməsi vacibdir.

Ursula fon der Lyayen tərəfindən irəli sürülən Enerji və Enerji Konnektivliyi üzrə Tərəfdaşlıq Platforması elektrik şəbəkələrinin inteqrasiyasına imkan verəcək. Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan yaşıl enerji kabeli vasitəsilə elektrik enerjisi Avropaya çatdırılacaq. Azərbaycan gələn ilin sonunadək 4 QVt, 2032-ci ilədək isə 8 QVt həcmində yaşıl enerji istehsal etməyi planlayır.

Antonio Koşta və İlham Əliyevin birgə bəyanatında tərəfdaşlığın daha geniş regionda sülhə və sabitliyə töhfə verdiyi qeyd olunub. Ursula fon der Lyayen isə sülh gündəliyinə rəsmi dəstəyi ifadə edərək Qlobal Qapılar proqramı çərçivəsində, o cümlədən Naxçıvan dəmir yolu və Bakı Limanı layihələri daxil olmaqla, 200 milyon avroya qədər qrant və 2 milyard avroya qədər sərmayə cəlbi potensialını elan edib. Avropa İttifaqı rəhbərliyi regionun dinc gələcəyi naminə Azərbaycanla həmişəkindən daha güclü tərəfdaşlıq şəraitində birlikdə çalışmağa hazır olduğunu bildirib".

Deputat Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın ümumi ixracının 50 faizdən çoxu Avropa İttifaqının payına düşür:

"Azərbaycanın ümumi ixracının 50 faizdən çoxu məhz İttifaqın payına düşür və bunun əsas səbəbi xam neft ilə təbii qazın Avropa bazarlarına çıxarılmasıdır".

Deputat iqtisadi əlaqələrin gələcək hədəflərini şərh edərək bildirib ki, Azərbaycan xam nefti və təbii qazı başda İtaliya olmaqla bir çox İttifaq ölkəsinə ixrac edilir:

"Azərbaycan ümumilikdə 16 ölkəyə təbii qaz tədarük edir ki, bunların da 10-u Avropa İttifaqı üzvüdür. 2021-ci ilin sonundan etibarən İttifaq ölkələrinə təxminən 60 milyard kubmetr təbii qaz ixrac edilib.

Prezident İlham Əliyevin mesajları göstərir ki, qarşıdakı dövrdə əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmayacaq. Əsas hədəf investisiya imkanlarının yaradılması, qeyri-neft sektorunun, innovasiyaların və nəqliyyat-logistikanın genişləndirilməsidir. Dövlət başçısının bəyanatlarında ekologiya və bərpaolunan enerji layihələrinə xüsusi önəm verilir. Eyni zamanda, regional kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası regionda formalaşan yeni reallıqlar daxilində uzunmüddətli sülhün və iqtisadi inteqrasiyanın əsas təminatçısı kimi qiymətləndirilir".

Millət vəkili Azər Badamov isə qeyd edib ki, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur:

"Son aylarda Antonio Koştanın, ali nümayəndə Kaya Kallasın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya intensiv rəsmi səfərləri tərəflərin tərəfdaşlığı möhkəmləndirmək niyyətini və münasibətlərdəki yeni dinamikanı nümayiş etdirir.

2022-ci ildə Ursula fon der Lyayenin Bakıya səfəri zamanı imzalanmış Strateji Enerji Tərəfdaşlığına dair Anlaşma Memorandumu əlaqələri keyfiyyətcə yeni mərhələyə keçirdi. Azərbaycan öz öhdəliklərini ardıcıl yerinə yetirir və təbii qaz ixracının əhəmiyyətli hissəsinin Avropaya yönəlməsi ölkəmizin etibarlılığını sübut edir. Cənub Qaz Dəhlizi bu istiqamətdə ən böyük töhfədir.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə dəmir yolu şəbəkəsinin modernləşdirilməsinə, dəniz limanlarının genişləndirilməsinə böyük maliyyə vəsaiti yönəldib və bu infrastrukturun təhlükəsizliyini qoruyur. Həmçinin, bərpaolunan enerji sahəsindəki yeni layihələr münasibətlərin şaxələnməsinə şərait yaradır".

Azər Badamov vurğulayıb ki, İttifaq regional geosiyasi reallıqları nəzərə almalı və əlaqələrin inkişafına mane ola biləcək amillərdən uzaq durmalıdır. Regiondakı sabitlik de-yure sülh müqaviləsi ilə möhkəmləndirilməlidir. Ursula fon der Lyayenin Qlobal Qapılar təşəbbüsü çərçivəsində sülhə və əməkdaşlığa dəstək bəyanatları real fəaliyyətlə, o cümlədən Bakıda konfransların təşkili və maliyyə proqramları ilə tamamlanmalı, prosesdə obyektivlik və balanslı yanaşma qorunmalıdır.

Deputat Elman Nəsirovun sözlərinə görə, fundamental məsələlər üzrə mövqelərin üst-üstə düşməsi münasibətlərin strateji xarakterini göstərir:

"Azərbaycan artıq 10 İttifaq dövləti ilə strateji tərəfdaşlıq sənədi imzalayıb. Əməkdaşlığın təməli 2006-cı ilin enerji sahəsində Anlaşma Memorandumu və 2011-ci ilin Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannaməsi ilə qoyulub, 2022-ci ilin iyulunda imzalanmış strateji memorandumla isə yeni mərhələyə yüksəlib".

Deputat əməkdaşlığın ixrac və maliyyə mexanizmlərini izah edib:

"Əvvəlki dövrlərdə illik 8 milyard kubmetr qaz ixracı nəzərdə tutulurdusa, hazırda bu göstərici 13 milyard kubmetrə çatıb. Əsas məqsəd 2027-ci ilədək bu həcmi 20 milyard kubmetrə çatdırmaqdır.

Ursula fon der Lyayenin son səfəri çərçivəsində regional bağlantılar və rəqəmsal transformasiya müzakirə olunub. Global Gateway təşəbbüsü çərçivəsində Azərbaycana 200 micron avro həcmində qrant ayrılması, həmçinin dövlət və özəl institutların iştirakı ilə 2 milyard avroya qədər investisiyanın cəlb olunması potensialı qiymətləndirilir. Bu vəsait Naxçıvana dəmir yolu bağlantısı və Bakı Limanının genişləndirilməsinə töhfə verə bilər. Avropa rəsmisi həmçinin Azərbaycanın sülh gündəliyini və sabitlikdəki rolunu yüksək qiymətləndirib".

Millət vəkili Tural Gəncəliyev isə qeyd edib ki, Ursula fon der Lyayenin Azərbaycana səfəri və verdiyi mesajlar münasibətlərdə dönüş nöqtəsidir:

"Avropa İttifaqı rəhbərliyinin ardıcıl səfərləri İttifaqın Azərbaycana tamamilə yeni prizmadan yanaşdığını göstərir. Ursula fon der Lyayenin Azərbaycanı açıq şəkildə strateji tərəfdaş adlandırması mühüm siyasi hadisədir. Bu, Avropanın Azərbaycanı yalnız enerji resursu kimi deyil, nəqliyyat, iqtisadi inteqrasiya və beynəlxalq təhlükəsizlikdə aparıcı aktor kimi qəbul etməsinin göstəricisidir.

Avropa rəsmisi Prezident İlham Əliyev tərəfindən regionda sülhün və əməkdaşlığın təşviq edilməsində şəxsi liderlik nümayiş etdirildiyini bəyan edib. Postmünaqişə dövründə revanşizm deyil, sülh sazişi və kommunikasiyaların açılması konsepsiyasını irəli sürən Azərbaycan Cənubi Qafqazda davamlı sülhün əsas memarı kimi qəbul olunur.

Azərbaycan əlverişli coğrafi mövqeyini müasir hava limanları, Bakı Limanı və magistrallarla gücləndirərək Avrasiyanın əsas bağlantı mərkəzinə çevrilmişdir. Ölkəmizin təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhliz həm də yeni geosiyasi əməkdaşlıq platformasıdır.

Azərbaycanın xarici siyasətinin ən mühüm üstünlüyü balanslaşdırılmış və milli maraqlara əsaslanan yanaşmadır. Ölkəmiz heç bir geosiyasi qarşıdurmanın tərəfinə çevrilmədən ABŞ ilə strateji tərəfdaşlıq, Çinlə hərtərəfli strateji tərəfdaşlıq qurub, Avropa İttifaqı ilə də münasibətlərini qarşılıqlı etimad çərçivəsində uğurla inkişaf etdirir".

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi istiqaməti üzrə hazırlanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər