Menyu

Himayədar ailə olmaq istəyənlər hansı proseslərdən keçməlidirlər?

Nicat Hüseynli
Himayədar ailə olmaq istəyənlər hansı proseslərdən keçməlidirlər?
Valideyn qayğısından məhrum olan hər bir uşaq üçün ən böyük ehtiyac sadəcə sığınacaq tapmaq deyil, özünü təhlükəsiz hiss edəcəyi bir ailə mühitidir. Bir uşağın "evim" deyə biləcəyi yerə, "ana" və "ata" deyə müraciət edə biləcəyi insanlara qovuşması bəzən fərqli yollarla mümkün olur. Bu yollardan biri himayədar ailə modeli, digəri isə övladlığa götürmədir. Məqsəd eyni olsa da, bu iki sistemin hüquqi qaydaları və nəticələri bir-birindən fərqlənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqların müəssisələrə yerləşdirilməsi, həmçinin onların övladlığa və ya himayədar ailələrə verilməsi istiqamətində mütəmadi iş aparır. Övladlığa götürmə sahəsində idarəetmə Nazirliyə verildiyi 1 noyabr 2019-cu il tarixindən bu günədək 895 uşaq övladlığa verilib. 2023-cü ildən tətbiq edilən himayədar ailə modeli çərçivəsində isə 83 uşaq ailələrə yerləşdirilib. Hər iki prosesdə əsas prinsip uşağın maraqlarını qorumaq və onun sevgi dolu mühitdə böyüməsini təmin etməkdir.

Operativ Media xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin rəsmisi Əhməd Mansurov mövzu ilə bağlı "Xəzər Xəbər"ə danışıb.

O, bildirib ki, hər iki model üçün namizədlər əvvəlcə müraciət edir, sənədlərini təqdim edir, daha sonra onların yaşayış şəraiti və sosial vəziyyəti qiymətləndirilir. Eyni zamanda, sosial işçilər uşağı da psixoloji olaraq bu mərhələyə hazırlayırlar. Himayədar valideyn olmaq istəyən evli şəxslər üçün aşağı yaş həddi 25, subay şəxslər üçün isə 30 yaşdır.

Əhməd Mansurov qeyd edir ki, uşağı götürməkdə məqsəd, uşağın ailəyə uyğunluğu və ailənin maddi-məişət şəraiti mütləq yoxlanılır. Himayədar ailə olmaq istəyənlər uşaq inkişafı, psixoloji xüsusiyyətlər, yaş böhranları, uşaqların sağlamlığı və təhsili mövzularında 30 gündən çox olmayan təlimlərə cəlb edilirlər. Təlimləri uğurla bitirənlər uşaqla uyğunlaşma prosesinə başlayırlar.

Himayədar ailə modelində uşaq müəyyən müddət ərzində dövlətin nəzarəti altında seçilmiş ailənin yanında yaşayır. Bu zaman uşağın hüquqi statusu dəyişmir, bioloji valideynlərlə əlaqələr tam kəsilmir və dövlət ailəyə dəstək verməyə davam edir. Ailə uşağa baxsa da, onun qanuni valideyni sayılmır və uşaq ailənin varisi olmur.

Övladlığa götürmə isə tam fərqlidir. Bu halda uşaq məhkəmə qərarı ilə yeni ailənin daimi və tamhüquqlu üzvünə çevrilir. Valideynlə övlad arasında doğma bağlar və hüquqi vəzifələr yaranır. Uşaq qanun qarşısında doğma övlad statusu qazanır və bu proses geri qaytarılmır.

Əhməd Mansurovun sözlərinə görə, himayədar ailə xidməti müvəqqəti ola bilər. Məsələn, bir ailə çətin vəziyyətə düşdükdə, uşaq uşaqlar evinə düşməsin deyə onu müvəqqəti olaraq himayədar ailəyə verirlər. Bioloji ailənin vəziyyəti düzəldikdən sonra uşaq yenidən öz ailəsinə qaytarılır. Çünki uşaqların öz doğma ailələrində yaşaması onların inkişafı üçün daha vacibdir. Bu mümkün olmadıqda himayədar ailə, o da qeyri-mümkün olduqda isə övladlığa götürmə məsələsinə baxılır. Bu prosedurların müddəti sənədlərin tamlığından və uşağın ehtiyaclarından asılı olaraq dəyişir.

Övladlığa götürmə ilə bağlı Bakı, Gəncə, Sumqayıt kimi iri şəhərlərdən və regionlardan müraciətlər çoxdur. Lakin himayədar ailə modeli haqqında cəmiyyətdə hələ daha çox məlumatlandırma işinə ehtiyac var.

Dövlət himayədar ailələrə maddi dəstək verir. Himayəyə götürülən sağlam uşaqlara görə yaşından asılı olaraq aylıq 355 manatla 395 manat arası, əlilliyi olan uşaqlara görə isə 500 manatla 650 manat arası müavinət ödənilir. Həmçinin geyim üçün hər rübdə bir dəfə uşaqbaşına 200 manat verilir. Övladlığa götürmədə isə 1 yanvar 2021-ci ildən sonra 3-18 yaş arası sağlam uşağı övladlığa götürənlərə aylıq 240 manat, əlilliyi olan uşağı övladlığa götürənlərə isə 600 manat müavinət ödənilir.

Hər bir uşağın həyatında ən vacib dəyişiklik ona açılan bir qapı ilə başlayır. O qapının arxasında onu sevən və qəbul edən bir ailənin olması uşağın gələcəyini tamamilə dəyişir. Həm himayədar ailə, həm də övladlığa götürmə məhz bu məqsədə xidmət edir.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər