Metropolitendə daha 6 müasir tipli yeni ventilyator quraşdırılıb
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən xidmət keyfiyyətinin və sərnişin məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində cari ildə stansiya və tunellərdə daha 6 müasir tipli güclü ventilyator quraşdırılıb.
Operativ Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Yeni avadanlıqlar artıq “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarında, həmçinin “Əhmədli-Həzi Aslanov”, “Koroğlu-Qara Qarayev”, “Qara Qarayev-Neftçilər”, “Neftçilər-Xalqlar dostluğu” və “Xalqlar dostluğu-Əhmədli” yol mənzillərində istismar olunur.
Bakının iqlimi nəzərə alınmaqla, metropolitenin yerləşdiyi geoloji şəraitə uyğun tələblər əsasında istehsal olunmuş yeni ventilyatorlar texniki xidmət və elektrik enerjisinə qənaət etməklə yanaşı, köhnə nəsil analoqları ilə müqayisədə stansiya və tunelləri 2-3 dəfə daha çox təmiz hava ilə təmin edir. Ventilyatorlar dispetçer tərəfindən təsdiq olunmuş qrafik əsasında mərkəzləşdirilmiş qaydada idarə olunur.
Aparılmış monitorinqlər göstərir ki, quraşdırılan yeni ventilyatorlar stansiyalarda temperaturun aşağı salınmasına həmçinin stansiya və tunellərin təmiz hava ilə təmin olunmasına imkan yaradır.
Qeyd edək ki, 2026-cı ilin ötən dövründə havalandırma şaxtalarında 358 səsboğucu yenisi ilə əvəzlənib. Bundan əlavə muəyyən şaxtalarda təbii havalandırmanın təmin edilməsi məqsədilə dempfer sistemi də quraşdırılıb. Növbəti mərhələdə daha 5 ventilyator, 5 dempfer və 354 səsboğucunun yenilənməsi nəzərdə tutulur.
Hazırda Bakı metropoliteninin stansiya və tunellərində, ümumilikdə 123 ventilyator fəaliyyət göstərir. Onlardan 113-ü təzədir, 10 ventilyatorun isə mərhələli şəkildə müasir analoqları ilə əvəz olunması planlaşdirilir.
Sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün Bakı metropolitenində yenilənmə işləri davam etdirilir.