Hansı “E” kodları istehlakçıları narahat etməlidir?
Qida məhsullarının üzərində rast gəlinən “E” kodları çox vaxt istehlakçılarda narahatlıq yaratsa da, bu kodların hamısı sağlamlıq üçün təhlükəli deyil. Bu işarələr Avropa Birliyinin qida qatqı maddələri üçün tətbiq etdiyi beynəlxalq kodlaşdırma sistemidir.
Bu sözləri Operativ Media-ya sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, E kodları ilə işarələnən qatqı maddələrinin bir hissəsi bitki və təbii mənşəlidir. Bunlara rəngləndiricilər, konservantlar, qatılaşdırıcılar, dadlandırıcılar və şirinləşdiricilər daxildir. Məsələn, E440 (pektin) meyvələrdən əldə olunur və qida sənayesində təhlükəsiz istifadə edilən maddələrdən hesab olunur. Həmçinin bəzi əlavələr C və A vitamini mənbəyi kimi də istifadə edilir:
“Bununla yanaşı, sağlamlıq üçün risk yaradan E kodları da mövcuddur. Xüsusilə uşaqlar və 25 yaşadək inkişaf dövründə olan gənclərin bu maddələri davamlı qəbul etməsi orqanizmin inkişafına mənfi təsir göstərə, daxili orqanların formalaşmasında problemlər yarada bilər.
Mütəxəssis aşağıdakı qatqı maddələrinə diqqət yetirməyi tövsiyə edir:
-E102 (Tartrazin) – allergik reaksiyalar və hiperaktivlik riski ilə əlaqələndirilir
-E110 (Sunset Yellow) – bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər;
-E211 (Natrium benzoat) – xüsusilə uşaqlarda hiperaktivlik və allergiya riskini artırdığı bildirilir;
-E250 (Natrium nitrit) – əsasən kolbasa və digər emal olunmuş ət məhsullarında istifadə olunur, yüksək miqdarda qəbul edildikdə sağlamlıq üçün risk daşıya bilər.
Onun sözlərinə görə, bəzi ölkələrdə bu qatqı maddələrinin istifadəsi məhdudlaşdırılıb və ya məhsulların üzərində xüsusi xəbərdarlıq qeyd edilməlidir. Xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəlikləri, allergiyası və ya immun sistemi zəif olan şəxslər, eləcə də hamilə və süd verən qadınlar məhsulun tərkibini diqqətlə oxumalıdırlar.
Mütəxəssis, həmçinin, mənşəyi və tərkibi tam göstərilməyən məhsulların alınmasını tövsiyə etmir.
Diqqət çəkilən digər qatqı maddəsi isə E621 (Monosodium glutamat – MSG) olub. Bildirilir ki, bu maddə bir çox məhsulda dad gücləndiricisi kimi istifadə olunur.
Onun həddindən artıq qəbulu xüsusilə uşaqlarda həddindən artıq qida qəbuluna meyli artıraraq artıq çəki və piylənmə riskini yüksəldə, həmçinin allergik reaksiyalara səbəb ola bilər.
Mütəxəssis istehlakçılara qida məhsullarını alarkən etiket məlumatlarını diqqətlə oxumağı və tərkibində potensial risk daşıyan E kodları olan məhsulların istifadəsinə ehtiyatla yanaşmağı tövsiyə edir”.