Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən din xadimləri Azərbaycana səfər edəcəklər
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan həqiqətlərinin təbliği məqsədilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində sentyabrın 6-da Azərbaycana səfər edəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Operativ Media-ya bildirilib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə baş tutacaq səfər ərzində nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Zəfər parkını və Zəfər muzeyini, Türk Şəhidliyi abidəsini, Heydər məscidini, Bibiheybət məscid-ziyarətgah kompleksini ziyarət edəcək. Din xadimləri, həmçinin Azərbaycan İlahiyyat İnstitutunda olacaqlar.
Növbəti günlərdə qonaqların Şuşa, Xankəndi və Ağdamda olan tarixi-dini abidələr, qədim ibadətgahlar, mədəni irs nümunələri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanışlığı nəzərdə tutulur.
Ümumilikdə 50-ə yaxın azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər proqramı sentyabrın 10-da yekunlaşacaq.
dəqiqələr içində saytın olsun.