Azərbaycanda heyvan bazarlarının fəaliyyətinə dair yeni tələblər müəyyən edilib
Azərbaycanda heyvan bazarlarının yerləşdirilməsi, fəaliyyəti, baytarlıq nəzarəti, sanitariya və heyvanların saxlanma şəraiti ilə bağlı bir sıra tələblər müəyyən edilib.
Operativ Media xəbər verir ki, heyvan bazarları kənd təsərrüfatına yararsız torpaq sahələrində yerləşdirilməli və yaşayış binalarından, su hövzələrindən, sənaye müəssisələrindən, fermalardan və avtomobil yollarından müəyyən məsafələrdə olmalıdır.
Bazar avtomobil yollarından ən azı 30 metr, fermalardan 200 metr, su hövzələri və sənaye müəssisələrindən 100 metr, yaşayış binalarından isə 100 metr məsafədə yerləşdirilməlidir.
Heyvan bazarlarının ərazisi minimum 1,5 metr hündürlüyündə hasarlanmalı, insanlar və nəqliyyat vasitələri üçün ayrıca giriş-çıxış qapıları yaradılmalı və həmin qapılarda dezbaryerlər quraşdırılmalıdır.
Bazarlarda heyvanların satış üçün nümayiş etdirilməsi və yüklənməsi, müxtəlif növ və fizioloji vəziyyətdə olan heyvanların müvəqqəti saxlanması, xəstəliyə şübhəli heyvanların izolyasiyası, nəqliyyat vasitələrinin yuyulması və dezinfeksiyası, yem və tullantıların saxlanması, həmçinin baytarlıq nəzarəti üçün ayrıca bölmələr olmalıdır.
Heyvanların saxlandığı və satıldığı bölmələrin döşəmələri möhkəm, su keçirməyən, asan təmizlənən və dezinfeksiya edilə bilən olmalıdır. Nəqliyyat vasitələrinin hərəkət yolları və səkilər isə beton və ya asfalt örtüklə təmin edilməlidir.
Bazarlarda heyvanların rahat boşaldılıb yüklənməsi üçün rampalar quraşdırılmalı, heyvanların saxlandığı və satıldığı yerlər günəş və yağışdan qorunmalıdır. Ərazi kanalizasiya sistemi ilə təchiz edilməli, çirkab suları zərərsizləşdirildikdən sonra ümumi kanalizasiya sisteminə buraxılmalıdır.
Satış zamanı heyvanlar növlər üzrə qruplaşdırılmalı və müxtəlif nəqliyyat vasitələrindən gətirilən heyvanların bir-birinə qarışmasının qarşısını almaq üçün arakəsmələrdən istifadə edilməlidir. Heyvanların satış müddətində su və yemlə təmin olunması da tələb olunur.
Heyvan bazarlarında dövlət baytarlıq nəzarəti dövlət baytarlıq müfəttişləri və onların nəzarəti altında xüsusi səlahiyyət verilmiş baytarlıq ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir. Bazara gətirilən və oradan çıxarılan kənd təsərrüfatı heyvanları identikləşdirilməli və müvafiq baytarlıq sənədləri ilə təmin olunmalıdır. Bu tələblərə cavab verməyən heyvanların bazara daxil olmasına icazə verilmir.
Bazarda olan heyvanlara ümumi klinik baxış keçirilməli, xəstəliyə şübhəli heyvanlar digər heyvanlardan ayrılaraq izolyatorlarda saxlanmalı və onların satışına yol verilməməlidir.
Heyvan bazarlarında hər satış gününün sonunda ərazi yuyulmalı və təmizlənməli, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmalıdır. Həmçinin günün sonunda toplanan peyin ərazidən kənarlaşdırılmalı, mexaniki təmizlik və dezinfeksiya həyata keçirilməlidir.
Heyvanların saxlandığı və satıldığı bölmələrdə havalandırma sistemi quraşdırılmalı, temperatur, nisbi nəmlik, toz və qazların səviyyəsi heyvanlara zərər verməyəcək həddə saxlanılmalıdır.
Heyvanların saxlanması üçün də minimum sahə tələbləri müəyyənləşdirilib. Bir iribuynuzlu heyvan üçün ən azı 3 kvadratmetr, xırdabuynuzlu heyvan üçün 1 kvadratmetr, təkdırnaqlı heyvan üçün isə 4 kvadratmetr yer ayrılmalıdır. Quşlar satış bölmələrində qəfəslərdə saxlanılmalıdır.
Heyvan bazarlarının giriş-çıxışında nəqliyyat vasitələrinin təkərləri dezinfeksiyaedici məhlulla təmasda olmalı, bazarda heyvanların yemləndirilməsi üçün yem tədarükü görülməli və yemlər müəyyən edilmiş tələblərə uyğun saxlanılmalıdır. Ərazinin epizootik vəziyyətinə nəzarət məqsədilə ayda bir dəfə torpaq örtüyündən nümunələr götürülərək infeksion xəstəliklərə görə yoxlanılmalıdır.
Heyvan bazarlarının daxilində heyvan kəsiminə yol verilmir.
Bazarlarda çalışan işçilər sanitar geyimdən istifadə etməli və həmin geyim yalnız bazarın daxilində geyinilməlidir. İşçilərin sanitar geyim və iş ayaqqabıları ilə bazarın ərazisindən kənara çıxmasına yol verilmir.
Heyvan bazarlarını idarə edən fərdi sahibkarlar və hüquqi şəxslər sanitariya qaydaları, normaları və gigiyena tələblərinin pozulmasına görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
dəqiqələr içində saytın olsun.